Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Luis Hamilton son illər “hamar yollarda” irəliləyən Maks Ferstappenin 2026-cı ilin yeni “Formula-1” bolidlərinə qarşı kəskin hücumlarına cavab verib.
İdman.Biz xəbər verir ki, “Red Bull”un pilotu Ferstappen enerji idarəetməsinə əsaslanan yeni nəsil maşınları bəyənmədiyini, hətta onları “yarış əleyhinə” və “steroid qəbul etmiş Formula E” adlandıraraq, Qran-pri yarışlarındakı uzunmüddətli gələcəyini sual altına qoyub.
Niderlandlı sürücü bu şikayətlərinin “Red Bull”un hazırda qələbələr uğrunda mübarizə aparmaması ilə bağlı olmadığını, hətta Yaponiya Qran-prisindəki kimi səkkizinci yeri tutsa belə, yarışdan həzz almağın vacib olduğunu vurğulayıb.
Xatırladaq ki, 2022-ci ildən 2025-ci ilin sonunadək keçirilən 92 yarışın 51-də qalib gələn Maks beş tituldan dördünə sahib çıxıb. O, yalnız ötən mövsüm (2025) çempionluğu cəmi iki xal fərqlə Lando Norrisə uduzub.
Hamilton isə “Formula-1” rəhbərliyinin texniki reqlament hazırlayarkən hər kəsi razı sala bilməyəcəyini qeyd edib:
“Təbiidir ki, yaxşı maşının olanda və rəqabətədavamlı olanda öndə olmaq xoşdur. O, son 4-5 ildə buna sahib idi. Onun üçün hər şey hamar gedirdi, bu il isə ilk dəfədir belə deyil. Şəxsən mən bu bolidlərdən zövq alıram; daha yüngül, daha çevik və idarəetməsi daha əyləncəlidir. Gücün ötürülməsini və ya SM rejimini çox bəyənirəm? Qətiyyən yox. Amma bütövlükdə bunun idman üçün həyəcanverici olduğunu düşünürəm”.
Hamilton hazırda yarışların əvvəlki kimi sadəcə bir-birinin ardınca düzülən maşınların yürüşü olmadığını, real mübarizələrin getdiyini bildirib:
“Hər kəsin hər dəfə öz fikri olacaq. Bəzi insanlar bəyənəcək, bəziləri yox, amma hər kəsi razı salmaq mümkün deyil”.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.