AZ

Aftandil İsrafilovun rəqs etdiyi görüntülər yayıldı - Video

Azərbaycanın mərhum xalq artisti Aftandil İsrafilovin rəqs etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilərin marağına səbəb olub.

Musavat.com-un məlumatına görə, video toy şənliklərindən birində lentə alınıb. Kadrlarda tanınmış qarmon ifaçısının oynadığı anlar əks olunub. Paylaşım qısa zamanda geniş yayılaraq istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb, onlar sənətkar haqqında xoş sözlər və xatirələrini bölüşüblər.

Qeyd edək ki, Aftandil İsrafilov 24 yanvar 1941-ci ildə Bakıda anadan olub. O, 1961-ci ildə Azərbaycan Texniki Universitetinin mülki tikinti fakültəsinə daxil olsa da, musiqiyə olan böyük marağı səbəbindən təhsilini yarımçıq qoyaraq bu sahəyə yönəlib.

Sənətkar “Azkonsert”in tərkibində ansambl yaradaraq ona rəhbərlik edib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birlikdə Türkiyədə qastrol səfərində olub, daha sonra müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edib.

Aftandil İsrafilov “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə yaxın musiqi havasının müəllifidir.

Səhhətində yaranan problemlərlə əlaqədar 2 dekabr 2022-ci ildə reanimasiyaya yerləşdirilən sənətkarın vəziyyəti 2023-cü ilin martında yenidən ağırlaşıb. O, 29 aprel 2023-cü ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr