AZ

Cədvəldə var, amma dərs keçirilmir Məktəblərdə fiziki tərbiyə fənni problemi

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fiziki tərbiyə fənni tədris planının vacib bir hissəsidir. Həkimlər hesab edirlər ki, məktəbdə idman və bədən tərbiyəsi sağlamlığı qorumaq, zehni stresi aradan qaldırmaq və uşaqlarda intizamı inkişaf etdirmək üçün çox vacibdir. Amma bizim məktəblərdə bu fənnin tədrisi ilə bağlı problemlər müşahidə edilir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paytaxtın iki ayrı məktəbində təhsil alan 3-4-cü sinif şagirdləri ilə söhbətimizdə fiziki tərbiyə dərsinin necə keçirilməsi ilə maraqlandıq və aldığımız cavablar problemlərin olduğunu göstərdi: "Dərs cədvəlində fiziki hazırlıq fənni olsa da, indiyə qədər bu dərs bizə keçilməyib. Biz ibtidai sinif şagirdi olduğumuza görə bu dərsi idman zalında deyil, sinifdə keçməliyik. Amma bu dərsin yerinə həmişə başqa fənlərdən test edirik".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun bu günlərdə məktəblərdə idman dərslərinin düzgün təşkil olunmaması, fiziki tərbiyə müəllimlərinin qeyri-peşəkar yanaşması ilə bağlı fikirləri də bu sahədə çatışmazlıqların olduğunu deməyə əsas verir. Nazirlik rəsmisi qeyd edib ki, vaxtında düzgün planlaşdırılmayan yüklənmələrin, düzgün təşkil edilməmiş məşq prosesinin və peşəkar yanaşmanın olmaması səbəbindən uşaqların sağlamlığına zərər vurulur.

"Məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir"

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazovanın fikrincə, ibtidai siniflərdən başlayaraq fiziki tərbiyə dərslərinin düzgün təşkili şagirdlərin sağlam inkişafı üçün önəmlidir:

"İndi bizim məktəblərdə fiziki tərbiyə dərsləri demək olar ki, keçirilmir. Ancaq uşaqların dərs saatı və yüklənmələri çox olduğu üçün bu dərs önəmlidir. Çünki fiziki tərbiyə beyinin aktivliyini, diqqətin cəmlənməsini yüksəldir, yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir, eyni zamanda bütün orqanların hərəkətliliyini təmin edir. Müasir dövrün uşaqları adətən artıq çəkidən əziyyət çəkirlər.

Çünki qaçmaq, tullanmaq və idmanla məşğul olmaq əvəzinə, internetdə, sosial şəbəkələrdə vaxt keçirmək, kompüter və smartfonlarda oyun oynamaq üçün çox vaxt sərf edirlər. Bu baxımdan, fiziki tərbiyə dərslərini həyati göstəriş hesab edirəm. Şagirdlər heç olmasa, həftədə iki dəfə fiziki tərbiyə dərslərində iştirak etməlidirlər".

"Məqsəd sağlam və təhlükəsiz inkişafı təmin etmək olmalıdır"

Fiziki tərbiyə müəllimlərinin də ünvanlarına səslənən fikirlərlə bağlı öz arqumentləri var.

Akademik Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynovun fikrincə, fiziki tərbiyə dərsinin əsas məqsədi yalnız fiziki hazırlıqlı şagird yetişdirmək deyil, sağlam və təhlükəsiz inkişafı təmin etməkdir:

"Məktəblərdə fiziki tərbiyə dərsi şagirdlərin sağlam inkişafı, hərəkət qabiliyyətlərinin formalaşması və sağlam həyat tərzinə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin fiziki tərbiyə dərslərində də müəyyən zədələnmə riski mövcuddur. Bu risklərin minimuma endirilməsi isə dərsin düzgün təşkili, müəllimin peşəkar yanaşması və təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə birbaşa bağlıdır".

"Məktəblərin idman infrastrukturu da əhəmiyyət kəsb edir"

Azərbaycan Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin sədri, Şirvan şəhər Kimya-Biologiya təmayüllü liseyin fiziki tərbiyə müəllimi Nurəddin Babayevin fikrincə, bu dərslərin yüksək səviyyədə təşkili üçün həm müəllimlərin peşəkar hazırlığı, həm də məktəblərin idman infrastrukturu böyük əhəmiyyət kəsb edir:

"Fiziki tərbiyə dərslərinin keyfiyyətinə təsir edən əsas məsələlərdən biri də regionlarda idman infrastrukturunun vəziyyətidir. Bir çox bölgələrdə məktəblərdə idman zalları ya məhdud ölçüdədir, ya da inventar baxımından tam təmin olunmayıb. Bəzi məktəblərdə isə ümumiyyətlə, qapalı idman zalı olmadığı üçün dərslər açıq havada keçirilir ki, bu da xüsusilə qış aylarında müəyyən çətinliklər yaradır. Gələcəkdə fiziki tərbiyə sahəsində müasir metodların tətbiqi, müəllimlərin davamlı təlimlərə cəlb olunması və regionlarda idman infrastrukturunun gücləndirilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına mühüm töhfə verə bilər".

Dərslərin keyfiyyəti müəllimin peşəkar olmasından asılıdır

Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Asəf Ağaquliyevin fikrincə, məktəblərdə fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirilməsi bilavasitə müəllimin peşəkar olmasından asılıdır: "Bir çox hallarda müəllim şagirdlərə futbol və yaxud voleybol topu verib nəzarət etmədən və oyun qaydalarını başa salmadan "gedin, oynayın" deyir. Yaxud şagirdləri motivasiya etmədən, müxtəlif qızışma hərəkətləri olmadan dərslərə başlayır ki, bu da uşaqların inkişafı üçün yetərli olmur".

A.Ağaquliyev deyir ki, fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirmək üçün idman zalının və avadanlıqların olması da vacibdir: "Çalışdığım məktəbdə 1 800 nəfərdən çox şagird var. Bəzən eyni vaxtda 2-3, bəzən də 4 sinif idman zalına gəlir. Bu da ən azı 80-100 şagird deməkdir. Bu zaman çətinliklər yaranır. Çox təəssüf ki, hər məktəbdə bu dərsin keçilməsi üçün şərait yoxdur. Ya idman zalı var, ləvazimatlar yoxdur, ya da avadanlıq var, sadəcə şagirdləri yüksək səviyyədə hazırlamaq üçün müəllimin peşəkarlığı çatışmır".

Müəllim bildirir ki, bir çox hallarda valideynlər övladlarını fiziki tərbiyə dərslərindən uzaq tutur, onlara idman forması geyindirmirlər: "Bu problemlər daha çox kənd məktəblərində müşahidə olunur. Ucqar kənd məktəblərində qızlar demək olar ki, fiziki tərbiyə dərslərinə girmirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
baku.ws

2Mənbələr