AZ

Atəşkəs kölgədə: ABŞ-İran dialoqu niyə iflasa uğradı?

ABŞ və İran arasında uzun saatlar davam edən və böyük ümidlər doğuran danışıqların nəticəsiz başa çatması regionda və qlobal miqyasda ciddi narahatlıq yaradıb. Rəsmi Tehran uğursuzluğun məsuliyyətini Vaşinqtonun üzərinə qoyaraq, ABŞ-ın “həddindən artıq tələbləri və ambisiyaları” səbəbindən razılaşmanın mümkün olmadığını bəyan edib. 21 saat davam edən intensiv müzakirələrə baxmayaraq, tərəflər ortaq məxrəcə gələ bilməyib və bu da diplomatik prosesin nə qədər mürəkkəb və ziddiyyətli olduğunu bir daha nümayiş etdirib.

Məlumatlara görə, İran tərəfi danışıqlarda daha çevik və realist yanaşma sərgilədiyini iddia etsə də, ABŞ-ın xüsusilə İranın nüvə proqramı ilə bağlı sərt və dəyişməz mövqeyi əsas maneəyə çevrilib. Vaşinqton Tehrandan nüvə fəaliyyətinin hərbi komponentdən tam imtinasına dair konkret və yoxlanıla bilən təminatlar tələb edir. Lakin Tehran uranın zənginləşdirilməsindən tam imtinanın mümkün olmadığını bildirərək, bu sahədə geri addım atmağa hazır olmadığını açıq şəkildə ortaya qoyur.

Digər tərəfdən, danışıqların nəticəsiz qalması yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də regiondakı təhlükəsizlik balansını sual altına salır. Xüsusilə, daha əvvəl elan olunmuş iki həftəlik atəşkəsin taleyi qeyri-müəyyən olaraq qalır. ABŞ-ın əsas tələblərindən biri olan Hörmüz boğazının açıq qalması məsələsi isə qlobal enerji bazarları üçün həyati əhəmiyyət daşıyır. Bu strateji marşrut vasitəsilə dünya neft tədarükünün böyük hissəsi həyata keçirilir və hər hansı gərginlik enerji qiymətlərində kəskin dalğalanmalara səbəb olur.
Elxan

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloqun fikrincə, danışıqların nəticəsiz qalmasının əsas səbəbi ondan ibarətdir ki, hər iki tərəf maksimalist tələblərlə çıxış edir və bu tələblərin praktik müstəvidə uzlaşdırılması demək olar ki, mümkün görünmür:

"Əslində, əvvəlcədən də proqnozlaşdırmaq olardı ki, ilk görüşdən ciddi nəticə əldə etmək ehtimalı olduqca aşağıdır. Çünki münaqişə hələ yeni mərhələyə keçib, proseslər tam soyumayıb, İranın həm ciddi itkiləri var, həm də irəli sürdüyü tələblərin sayı kifayət qədər çoxdur. Digər tərəfdən, ABŞ-ın bu tələbləri qəbul etməsi və ya onları tam şəkildə yerinə yetirməsi real görünmür.

Ən yaxşı halda belə ehtimal etmək olar ki, tərəflər uranın zənginləşdirilməsi məsələsində müəyyən orta məxrəcə gələ bilərlər. Məsələn, İranın əvvəlki mövqeyinə qayıdaraq uranı müəyyən məhdud miqyasda zənginləşdirməsi kimi kompromis variantlar müzakirə oluna bilər. Lakin hazırkı mərhələdə görünən odur ki, tərəflər hətta bu ən kritik məsələ ətrafında belə ortaq mövqe formalaşdıra bilmirlər və fikir ayrılıqları kifayət qədər dərin olaraq qalır".

Elxan Şahinoğlu qeyd edib ki, İslamabadda keçirilən bu görüş daha çox “nəbz yoxlaması” xarakteri daşıyırdı:

"Tərəflər bir-birinin real niyyətlərini, qırmızı xətlərini və geri çəkilmə imkanlarını ölçməyə çalışırdı. Yəni bu görüşdən konkret razılaşma gözləməkdənsə, onu gələcək danışıqlar üçün zəmin hazırlayan ilkin mərhələ kimi qiymətləndirmək daha doğru olar.

Bununla belə, danışıqların nəticəsiz qalması avtomatik olaraq müharibənin yenidən başlanacağı anlamına gəlmir. Əksinə, hər iki tərəfin hazırkı vəziyyətdə müəyyən qədər yorulduğu, resurs və siyasi baxımdan fasiləyə ehtiyac duyduğu açıq hiss olunur. Bu baxımdan atəşkəsin müəyyən müddət davam edəcəyi gözləniləndir".

Politoloqun fikrincə, böyük ehtimalla tərəflər yaxın zamanda növbəti danışıqlar mərhələsinin keçirilməsi ilə bağlı razılığa gələcəklər:

"Bununla yanaşı, ümumi genişmiqyaslı müharibənin dərhal yenidən başlanacağı inandırıcı görünməsə də, lokal toqquşmaların baş verməsi ehtimalı tam istisna edilmir. Bu isə regionda gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
22
50
musavat.com

10Mənbələr