AZ

“İstanbulda yaşamaq asan deyil” - Şomurodov Mourinyo ilə Nuri Şahini müqayisə etdi

Bu mövsüm Türkiyə çempionatında oyunu və məhsuldarlığı ilə seçilən “İstanbul BŞ”nin özbəkistanlı forvardı Eldor Şomurodov Rusiya futbolunun önəmli simalarından olan Andrey Arşavinə açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı futbolçu Joze Mourinyo, indiki çalışdırıcısı Nuri Şahin, eləcə də Türkiyədəki həyatı barədə danışıb. Bu mövsüm başakşəhərlilərin heyətində 38 rəsmi oyunda 17 qol vuran, bombardirlər yarışında 2-ci pillədə qərarlaşan Şomurodov bir neçə il öncə “Roma”da Mourinyonun rəhbərliyi altında oynayıb.

Sözü ona verək:

“Mourinyonun yadımda qalan əsas özəlliyi bütün rəqiblərə eyni gözlə baxmasıdı. Bundan başqa, hakimlik mövzusunda da çalışmağı sevir. Bizə hakimlərin psixologiyasını anlatmağa, onlarla necə danışmalı olduğumuzu izah etməyə çalışırdı. Hətta bir dəfə bizə sırf hakimlərə həsr olunan nəzəri dərs keçmişdi. Bunun üçün karyerasını bitirmiş hakimlərdən birini məşqimizə çağırmışdı. Həmin sabiq hakim bizə müəyyən taktiki göstərişlər verdi. Məsələn, hansı hakimlə daha çox söhbət etmək olar və ya hansı hakimlə arada məsafə saxlamaq lazımdı. Mourinyo bizə deyirdi ki, etiraz edəndə hakimin üstünə bütün komanda ilə gedin. Belədə sarı vərəqə göstərməyəcək. Amma tək-tək gedəndə sarı vərəqə göstərə bilər. Bir dəfə Konfrans Liqası matçından öncə bizə “bədəninizə zərbə gəldiyini hiss etdizsə, yerə yıxılın və qalxmayın” dedi. Belə də oldu. Bir futbolçumuzun ayağına vurdular. Hücum davam etdi və rəqib qol vurdu. Oyunçumuz sona qədər də yerdən qalxmadı. VAR müdaxilə etdi və qolu qeydə almadılar. Nuri Şahinin futbol zəkası dərhal bilinir. Futbolu gözəl anlayır. Yaxşı məsləhətlər verir. Çünki özü də futbolçu kimi düşünür. Elə məşqçilər var ki, sadəcə, onun dediyini eləmək məcburiyyətindəsən. Amma Nuri Şahin hər şeyi hiss edir, oyunçularla səmimi ünsiyyət qurur. Rusiyada Valeri Karpində də bu özəllik var. Şahin komandasının topa nəzarət etməsini istəyir və taktiki gedişlərin üzərində çox dayanır. Mourinyonun tərzi isə fərqlidi. Həm müdafiəyə daha çox önəm verir, həm də bəzi futbolçulardan fərdi baxımdan daha çox şey gözləyir. Futbolçu səhvə yol verəndə Mourinyo onu az qala öldürür. Nuri Şahin isə “səhvə yol verməyin normaldı, amma çalış mən dediyimi et” deyir. Onun top itirildikdə və ya bəzi səhvlər olduqda reaksiyası o dərəcədə sərt olmur. Ötən yay əsasən Türkiyədən – “İstanbul BŞ” və “Beşiktaş”dan təkliflər gəldi. Rusiyaya gəlmək fikrim olmadı. Heç təklif də gəlməmişdi. Dünya çempionatı ərəfəsində daha çox oyun praktikasına malik olmaq üçün “İstanbul BŞ”ni seçdim. “Roma”da da qala bilərdim. Amma istəmədim. Türkiyədə üzərimdə daha az təzyiq hiss edirəm. Həm də mənə daim oynayacağıma söz verdilər. Mənim üçün yaxşı seçim oldu. “İstanbul BŞ” “altyapı”sı güclü olan, demək olar, hər il avrokuboklarda oynayan bir klubdu. Hətta çempion da olublar. Nuri Şahinin gəlişi isə mənim üçün xoş bir sürpriz oldu. 2021-də “Roma”nın yerinə başqa klub da seçə bilərdim. Mən ora yollananda nə qədər şans qazanacağımı bilmirdim. Daha çox Cekonun oynayacağını düşünürdüm. Amma o, həmin yay ayrıldı. Sonra 40 milyona Abrahamı aldılar və o, əsas hücumçuya çevrildi. İstanbula artıq uyğunlaşmışam. Amma burda yaşamaq asan deyil. Çox böyük bir şəhərdi. Şəxsi sürücüm var. Tıxac inanılmaz səviyyədədi. Çoxlu bahalı maşın var”.
Seçilən
23
1
football-plus.az

2Mənbələr