Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Pasxa bayramı ilə əlaqədar elan olunmuş birgünlük atəşkəsin uzadılacağına inanmadığını bəyan edib.
Musavat.com xəbər verir ki, kəşfiyyat rəhbəri bu cür "sükut" rejimlərinin keçmiş təcrübədə effektiv olmadığını və mütəmadi olaraq pozulduğunu xatırladıb. Budanovun cəbhədəki vəziyyətlə bağlı xəbərdarlığı:
Budanov qeyd edib ki, əvvəllər də müxtəlif münasibətlərlə atəşkəs elan olunsa da, qarşı tərəf buna formal olaraq əməl etməyə çalışsa da, real olaraq atəş mütəmadi davam edib. "Düşünürəm ki, bu gün də eyni ssenari təkrarlanacaq və heç nə dəyişməyəcək", — deyə o vurğulayıb.
Budanovun fikrincə, bu cür qısamüddətli fasilələr qoşunların real şəkildə geri çəkilməsi və ya sülh üçün deyil, sadəcə görüntü yaratmaq xarakteri daşıyır.
Kəşfiyyat rəhbəri həmçinin işarə edib ki, "sükut rejimi" bitən kimi hücum əməliyyatları eyni intensivliklə bərpa olunacaq.
Hazırda cəbhə xəttindən gələn məlumatlar bəzi istiqamətlərdə atəşin tam kəsilmədiyini göstərir ki, bu da Budanovun proqnozlarını təsdiqləyir.
Musavat.com