Yeni tədqiqat insan orqanizmində D vitamini səviyyəsi ilə Altsheymer xəstəliyi olan şəxslərin beynində toplanan zəhərli tau-zülal yığınları arasında əlaqə aşkar edib.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın nəticələri "Neurology Open Access” jurnalında dərc olunub.
793 yetkin şəxsin qan nümunələri və beyin skanlarının statistik təhlili göstərib ki, orta yaş dövründə D vitamini səviyyəsi nə qədər yüksək olarsa, illər sonra tau-zülal yığınlarının toplanması bir o qədər az olur.
İrlandiyanın Qolvay Universitetindən neyrobioloq Martin Devid Malliqan bildirib: "Bu nəticələr göstərir ki, orta yaş dövründə daha yüksək D vitamini səviyyəsi beyində tau-yığıntılarının formalaşmasına qarşı qoruyucu rol oynaya bilər. Aşağı D vitamini səviyyəsi isə potensial olaraq düzəldilə bilən risk faktoru kimi demensiya ehtimalını artırır”.
Tədqiqat iştirakçılarında D vitamini səviyyəsi ilkin qiymətləndirmə çərçivəsində, təxminən 39 yaşda bir dəfə ölçülüb. Orta hesabla 16 il sonra isə onların beyinləri skan edilərək tau-zülal və Altsheymer xəstəliyi ilə sıx əlaqəli olan digər zülal – beta-amiloidin səviyyəsi qiymətləndirilib.
Ümumilikdə, nə tau-zülal, nə də beta-amiloid özlüyündə zərərli hesab edilmir – onlar beynin sağlam fəaliyyəti üçün vacibdir. Lakin bu zülallar nəzarətdən çıxaraq neyronları "tıxadıqda”, beyin hüceyrələri zədələnir və Altsheymer xəstəliyinə xas olan proseslər başlayır.
Nəticələr göstərib ki, D vitamini ilə beta-amiloid arasında əlaqə aşkar edilməsə də, D vitamini ilə tau-zülal arasında aydın bağlılıq mövcuddur. Bu əlaqə həm ümumi beyin üzrə, həm də Alzheimer xəstəliyinin ilkin mərhələlərində zədələnən spesifik sahələrdə müşahidə olunub.
Tədqiqatçılar əvvəlki araşdırmalara da istinad edərək bildiriblər ki, D vitamini beynin immun sisteminin fəaliyyətini yaxşılaşdıra bilər. Eyni zamanda, onun çatışmazlığı siçanlar üzərində aparılan tədqiqatlarda tau-zülal funksiyalarının pozulması ilə əlaqələndirilib.
Bu tədqiqat göstərir ki, kifayət qədər D vitamini qəbulu xəstəliyin inkişaf riskini azalda bilər. Buna görə də daha çox günəş işığında olmaq və ya qida rasionuna balıq kimi D vitamini ilə zəngin məhsullar əlavə etmək tövsiyə olunur.