AZ

Narahat olma, oğlum, heç kimin iki atası olmur…

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 8-i ölkəmizin sərvətlərindən biri, nəhəng dirijor Yalçın Adıgözəlov verdiyi müsahibənin montajına baxmaq üçün redaksiyamıza gəlmişdi.​ Salamlaşanda gözləri təsadüfən Ceyhun Mirzəyevin otağımdakı fotosuna sataşdı.

Maraqla soruşdu ki, Ceyhun sizin nəyinizdir?

Çevrilib şəklə baxanda ani cavabla “Atam” dedim. Qaşlarının necə həyəcanla çatıldığını görüb təbəssümlə onun böyründə dayanan atamın fotosuna işarə vurdum. Atam budur. Dünyasını yeni dəyişib.

Ceyhun Mirzəyevi isə sevdiyim, elə həm də atam hesab etdiyim üçün şəkillərini, portretlərini otağımdan asmışam…

Təsirləndik, elə bu təsir altında da qayıtdım ki, Şuşa azad olunandan sonrakı ilk festivalda sizin Cıdır Düzündə “Qarabağ şikəstəsi”nə etdiyiniz dirijorluğa baxıb yazmışdım ki, Yalçın Adıgözəlovun üzündə dirijor çubuğunun izini gördüm…

Hər ikimizin gözləri doldu, o səhnəni yenidən xatırlayaraq qucaqlaşıb ayrıldıq.

Səhəri gün işə gələndə baxdım ki, saytda aprelin 9-u Ceyhun Mirzəyevin doğum günü olması ilə bağlı yazı gedib.

Götürüb işin vatsap qrupuna zarafatla belə bir sual yazdım ki, sizcə dünən maestro məndən Ceyhun Mirzəyevin şəklini göstərib “sizin nəyinizdir”, deyə soruşanda nə cavab vermişəm? Və tapana mükafat vəd etdim.

Cavablar gəlməyə başladı.

- Ruhum;

- ⁠Uşaqlığım;

- ⁠Vətənim;

- ⁠Fəryadım;

- ⁠Qələmim;

- ⁠Sirdaşım;

- ⁠Qəhrəmanım

Cavablardan təsirlənməyə başladım və eyni sualı evə yolladım. Ani olaraq yazdılar, “Atam”.

Heyrət içində qalibi elan etmək istəyirdim ki, ardınca belə bir qeyd də gəldi:

“Özün o şəkli otağından asanda demişdin ki, elə Ceyhun Mirzəyev də mənim atamdır. Bunu hiss etmək bəsdir”.

Nədənsə bütün günümü aldığım cavabları təkrar-təkrar oxumaqla keçirdim. Və axırda bu qənaətə gəldim ki, cavabların hamısı doğrudur.

“Ruhum”, “vətənim”, “sirdaşım”, “qəhrəmanım”, “fəryadım” elə “atam” deməkdir…

Əslində o cavablar mənə yox, həm də Ceyhun Mirzəyevə verilən adlardır. Tək “İsmayıl”la iş bitməyib görünür...

Bu xalqa, deyərdim ki, Qarabağı unutdurmağa qoymayan əsas faktorlardan biri də məhz Ceyhunun “Fəryad” filmi olub. Mən, ümumiyyətlə, o düşüncədəyəm ki, hələ ki, “Fəryad” bizim sonuncu filmimizdir.

“Fəryad”dan sonra insanların o səviyyədə sevgisini qazanan ekran işi ortaya qoya bilməmişik.

Hamı bilir ki, Ceyhuna o filmə baxmaq qismət olmayıb. Filmin montajı bitmək üzrəykən, mənim indiki yaşımda ürəyi partlayıb.

Oynadığı o möhtəşəm obraz isə Ceyhun Mizəyevi gətirib 80 yaşına çıxarıb. Özündən sonra heç bir qohum-əqrabası olmayan, yeganə qızı Rusiyada səfil həyatı yaşayan Ceyhun Mirzəyev bu xalqın bağrından qopmayıb…

İndi Ceyhunun taleyi naməlum əsgərin məzarına bənzəyir…

Heç bir əlamət, iz qalmasa da, xatirəsi ehtiramla yad olunur. İçimdə bir iztirab dolaşır. Bəlkə, 80 illik yubileyi keçirilsəydi, ruhu şad olardı…

Sanki, otağımdakı şəkildən bir pıçıltı eşidirəm…

- Narahat olma, oğlum, heç kimin iki atası olmur…

Elbrus Ərud

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr