AZ

“Şahin” hərbi-idman oyununun Qax rayonu üzrə qalibi müəyyənləşib

Qax, 12 aprel, AZƏRTAC

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qaxda keçirilən rayon mərhələsinin yarışları Qax şəhər 2 nömrəli məktəb-liseyin komandasının qələbəsi ilə başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda mübarizə aparıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər stadionunda keçirilən yarışın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın açılış mərasimində bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəbliləri ordu sıralarında hərbi xidmətə hazırlamaq, gəncləri vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə etmək, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına diqqəti artırmaq, “Şanlı Zəfər” tariximizi təbliğ etməkdən ibarətdir.

Yarışın əsasnaməsinə uyğun olaraq, əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar müxtəlif mərhələlər üzrə yarışlarda qüvvələrini sınayıblar.

Rayon birinciliyinin qalibi Qax şəhər 2 nömrəli məktəb-liseyin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Şəhər 3 nömrəli və Tasmalı kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Müxbir – Mustafa Dadaşov

Seçilən
17
azertag.az

1Mənbələr