ABŞ-nin ənənəvi hərbi vasitələrlə beynəlxalq təhlükəsizliyi təmin etmək imkanlarının zəiflədiyi, İran münaqişəsinin isə daha geniş geosiyasi qarşıdurmanın başlanğıc nöqtəsinə çevrildiyi bildirilir...
Poliqon xəbər verir ki, bu barədə The New York Times nəşri yazıb. Nəşrin təhlilinə görə, İranda baş verən münaqişə artıq daha genişmiqyaslı qlobal qarşıdurmanın başlanğıc nöqtəsi kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, şərq bloku Vaşinqtona qarşı misli görünməmiş koordinasiya nümayiş etdirir və ABŞ-ni hərtərəfli tükəndirməyə yönəlmiş strategiya tətbiq edir.
Məqalədə qeyd olunur ki, Hörmüz boğazı ətrafında diplomatik səylərin nəticəsiz qalması və Ukrayna istiqamətində uzanan çıxılmaz vəziyyət ABŞ-nin beynəlxalq təhlükəsizliyi əvvəlki kimi ənənəvi hərbi vasitələrlə təmin etmək qabiliyyətinin zəiflədiyini göstərir. Nəşrin fikrincə, bu proses Vaşinqtonun qlobal liderlik imkanları ilə bağlı ciddi suallar doğurur.
Vəziyyətin daha da ağırlaşdığı vurğulanır. Bildirilir ki, İran kampaniyası zamanı istifadə edilən böyük həcmdə sursat, xüsusilə də raket ehtiyatları ABŞ-nin hərbi resurslarına ciddi təsir göstərib. Bu isə Qərbin həm Ukrayna, həm də Tayvan istiqamətində müdafiə imkanlarını zəiflədib və ABŞ sənaye gücünün eyni vaxtda bir neçə münaqişəni uzun müddət dəstəkləmək baxımından yetərli olmadığını üzə çıxarıb.
Nəşr yazır ki, müasir dünya müharibəsi artıq əvvəlki klassik formatdan çıxıb. Qarşıdurma indi yalnız konkret döyüş meydanlarında deyil, həm də təchizat zəncirlərində, benzin qiymətlərinin dəyişməsində, Uoll-stritdəki dalğalanmalarda və gizli hərbi ittifaqlar çərçivəsində aparılır. Başqa sözlə, iqtisadi və resurs baxımından rəqibi tükəndirmək yeni qlobal münaqişənin əsas alətlərindən birinə çevrilib.
Təhlildə vurğulanır ki, bu yeni mərhələdə hərbi üstünlük artıq təkcə silahın sayına və ya ordunun böyüklüyünə görə müəyyən edilmir. İstehsal gücü, logistika imkanları, enerji marşrutlarına nəzarət, maliyyə bazarlarının dayanıqlılığı və strateji ittifaqların çevikliyi də həlledici faktorlar kimi ön plana çıxır.
Beləliklə, NYT hesab edir ki, dünya təhlükəsizlik sistemi keyfiyyətcə yeni və daha mürəkkəb qarşıdurma mərhələsinə daxil olub. Bu mərhələdə əsas mübarizə yalnız cəbhə xəttində deyil, iqtisadiyyat, enerji, logistika və geosiyasi koordinasiya müstəvisində aparılır.
Poliqon.info