Misli Premyer Liqasının 27-ci turu çərçivəsində bu gün öz öz meydanında "İmişli"yə uduzan (0:1) "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Çox üzücü məğlubiyyətdir. "İmişli" qapanmağı sevən, böyük qüvvə ilə müdafiə olunan kollektivdir. Belə rəqiblə oynayırsansa, səhvlərə yol verməməlisən. Amma səhv edərək standart vəziyyətdən qol buraxdıq. Rəqibin cərimə meydançasına dəfələrlə girsək də, qol vura bilmədik. Topa nəzarət də bizdə idi. Azarkeşlərin narahat olmasını anlayırıq. Altı oyunumuz qalıb. Premyer Liqada qalmaq üçün hər birində nəticə qazanmağa çalışacağıq.
Fikrim belədir ki, bu oyunla indiki yerimizə layiq deyilik. Amma futboldur, olur. Hərdən bəxt gətirmir. Kimsə "İmişli"nin bizdən yaxşı oynadığını desə, razılaşmaram. Cəmi iki-üç dəfə cərimə meydançamıza girdilər.
Birinci Liqada çempion olandan sonra heyətin 95 faizini saxlamışdıq. Bir işi üzərimizə götürmüşüksə, sona çatdırmalıyıq".
Nihat