AZ

Tramp ABŞ-nin Hörmüz boğazında blokadaya başladığını bəyan edib

ABŞ Prezidenti danışıqlarda əsas nüvə məsələsi üzrə razılıq əldə olunmadığını bildirərək, Hörmüz boğazına daxil olan və ya oradan çıxan gəmilərə qarşı hərbi-dəniz blokadasının başlanacağını açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında vəziyyətlə bağlı sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, keçirilən görüş ümumilikdə uğurlu keçsə də, əsas əhəmiyyət daşıyan nüvə məsələsi üzrə razılıq əldə olunmayıb.

Tramp bildirib ki, bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmağa və ya oradan çıxmağa çalışan bütün gəmilərə qarşı blokada prosesinə başlayacaq. O, ABŞ donanmasını “dünyanın ən yaxşısı” adlandıraraq, əməliyyatın yaxın vaxtlarda başlanacağını vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, gələcəkdə “hamıya giriş icazəlidir, hamıya çıxış icazəlidir”, prinsipinə qayıtmaq mümkün ola bilərdi. Lakin onun iddiasına görə, İran boğazda mina təhlükəsi olduğunu bildirərək, buna imkan verməyib və həmin minaların yeri barədə Tehrandan başqa heç kimin məlumatı yoxdur.

Tramp əlavə edib ki, ABŞ donanmasına beynəlxalq sularda İrana rüsum ödəmiş hər bir gəmini aşkar etmək və saxlamaq göstərişi verilib. Onun sözlərinə görə, “qanunsuz rüsum” ödəyən heç bir gəmi açıq dənizdə təhlükəsiz keçid əldə etməyəcək. ABŞ Prezidenti həmçinin boğazlarda iranlılar tərəfindən yerləşdirildiyini iddia etdiyi minaların məhv edilməsinə başlanacağını bildirib.

Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, ABŞ-yə və ya mülki gəmilərə atəş açacaq istənilən iranlı sərt cavabla üzləşəcək. Trampın sözlərinə görə, İran bu böhranı necə dayandırmağı hamıdan yaxşı bilir, lakin mövcud vəziyyət artıq ölkəni ağır nəticələrlə üz-üzə qoyub.

O, blokadaya başqa ölkələrin də cəlb olunacağını söyləyib. Tramp iddia edib ki, İrana bu “qanunsuz tələb”dən gəlir əldə etməyə icazə verilməyəcək. ABŞ Prezidentinin fikrincə, Tehran bu yolla maliyyə resursları toplamağa, daha da önəmlisi isə nüvə silahı əldə etməyə çalışır.

Bəyanatda daha bir sərt mesaj da yer alıb. Tramp vurğulayıb ki, uyğun an gəldikdə ABŞ hərbi qüvvələri “tam hazır vəziyyətdə” olacaq və İranın hərbi potensialından qalan hissəyə də son qoyacaq.

Xatırladaq ki, bundan əvvəl Fox News ABŞ Hərbi Dəniz Qüvvələrinin İran sahilləri yaxınlığındakı yerləşməsi ilə bağlı görüntülər yayımlamışdı.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr