AZ

“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir 

Yolçu Həsənov: Hazırda Azərkosmos 50-dən çox ölkədə təxminən 200 şirkətə xidmət göstərir və teleport xidmətləri, reselling, təlim və konsaltinq kimi yeni əməkdaşlıq istiqamətləri ildən-ilə genişlənir

Azərbaycanın peykləri təkcə ölkə daxilində deyil, eyni zamanda, Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təklif edir.

Azərkosmos bu gün Afrikanın 39 ölkəsində peyk rabitə xidmətləri göstərir.

Peyklərimiz Afrikanın 70 faizini əhatə edir və 100 milyondan çox ev təsərrüfatına internet və yayım imkanı yaradır.

Beləliklə, Azərkosmosun gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracı hesabına formalaşır. Azərkosmos dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektoru üzrə ixrac həcminə görə ən yüksək göstəriciləri ilə ilk sıralarda yer alır.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində “Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov deyib.

Yolçu Həsənov qurumun kosmik sahədə son 15 ildə fəaliyyəti barədə danışıb.

AZƏRTAC Dünya Aviasiya və Kosmonavtika Günündə Azərbaycanda kosmik sənayenin yaradılması tarixinə həsr olunmuş müsahibəni təqdim edir:

- Yolçu müəllim, bu il “Azərkosmos”un fəaliyyətə başlamasından 15 il ötür. Ötən dövr ərzində bu sahədə vacib nələr baş verdi?

- 15 il təkcə Agentliyimizin yaşı deyil. Bu 15 il Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir.

Bildiyiniz kimi, bizim kosmik tariximiz 2008-ci ildən başlayır.

Məhz həmin ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə kosmik sənayenin yaradılmasının təməli qoyuldu.

2009-cu ildə Dövlət Proqramı təsdiqləndi.

2010-cu ildə isə regionda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” təsis edildi. Beləliklə, Kosmik Diplomatiyamızın əsası qoyuldu.

2011-ci ilin 7 fevral tarixi “Azərkosmos”un dövlət qeydiyyatına alındığı tarix bu gün qeyd etdiyimiz 15 illik kosmik fəaliyyətimizin rəsmi başlanğıc nöqtəsidir.

Məhz 2011-ci ildən “Azərkosmos”un strukturu qurulmağa başladı, əməkdaşlar işə qəbul olundu və məhz bu ildən etibarən “Azərkosmos” yerli və xarici bazarda etibarlı və uğurlu tərəfdaş kimi özünü tanıtmağa, öz mövqeyini tutmağa başladı.

2013-cü ildə Azərbaycanın kosmik tarixinə əlamətdar hadisə yazıldı - ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace-1” peyki orbitə buraxıldı.

Bu peyk bu gün də ölkəmiz üzərində ən güclü siqnala malik peykdir. “Azerspace-1” təkcə texnoloji nailiyyət deyil. Bu peyk Azərbaycanın kosmosda suverenliyinin və təhlükəsizliyinin rəmzidir. Məhz “Azerspace-1” peykin orbitə buraxılması ilə Azərbaycanın telekommunikasiya sahəsində digər ölkələrdən asılılığı aradan qaldırıldı.

Xüsusilə yerüstü şəbəkənin mövcud olmadığı ərazilərdə, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında rabitə məhz bu peyk vasitəsilə həyata keçirilməyə başladı.

Hazırda “Azerspace-1” vasitəsilə Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, ümumilikdə 150-yə yaxın televiziya və radio kanalı yayımlanır. Eyni zamanda, peykin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin canlı yayımlarında geniş şəkildə istifadə olunur. Qeyd etmək yerinə düşər ki, bu xidmətlərin uzunmüddətli davamlılığını təmin etmək məqsədilə hazırda “Azerspace-3” layihəsi üzərində işləyirik.

2014-cü ildə Azərbaycanın ilk Yerin məsafədən müşahidə peyki “Azersky” orbitə buraxıldı və bu, ölkəmizdə məsafədən müşahidə xidmətlərinin əsasını qoydu. “Azersky” vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, nəqliyyat, şəhərsalma və su ehtiyatlarının idarə edilməsi sahələrində innovativ layihələr həyata keçirildi. Bu illər ərzində 1000-dən çox Yer müşahidəsi layihəsi icra olundu və dünyanın istənilən nöqtəsində kosmosdan monitorinq aparmaq imkanımız formalaşdı.

Peyk 2023-cü ildə öz missiyasını başa vursa da, ümumilikdə 1,2 petabayt həcmində peyk təsviri əldə edilərək emal olunub və bu məlumatlar bu gün də ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edir.

Xüsusilə “Azersky” təsvirlərindən 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası, o cümlədən Qarabağın iqtisadi və kənd təsərrüfatı potensialının qiymətləndirilməsi üçün geniş şəkildə istifadə olunmaqda davam edir.

2018-ci ildə ikinci telekommunikasiya peykimiz “Azerspace-2” uğurla orbitə çıxarıldı.

Azərbaycanın peykləri təkcə ölkə daxilində deyil, eyni zamanda, Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri göstərir.

Bu xidmətlər sayəsində Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Hazırda biz 50-dən çox ölkədə təxminən 200 şirkətə xidmət göstəririk və teleport xidmətləri, reselling, təlim və konsaltinq kimi yeni əməkdaşlıq istiqamətləri ildən-ilə genişlənir.

Təbii ki, biz gəlirlərimizi artırmaq məqsədilə əlavə dəyər yaradan xidmətlərimizin inkişafına da xüsusi diqqət yetiririk. Bu çərçivədə teleport xidmətləri üzrə irihəcmli layihələrə başlamışıq. “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda 6 müxtəlif beynəlxalq şirkətə məxsus 9 antena fəaliyyət göstərir, əlavə olaraq 7 antena isə layihələndirilib.

2021-ci ildən etibarən “Azərkosmos” artıq rəsmi olaraq Azərbaycan Respublikasının Kosmik Agentliyi statusunda fəaliyyət göstərir.

Bu, bizim məsuliyyətimizin miqyasını və strateji rolumuzu tamamilə yeni səviyyəyə qaldırdı.

-Müasir şəhərsalma və bərpa proseslərində peyk məlumatlarının keyfiyyəti vacibdir. “Azərkosmos”un təqdim etdiyi Yer müşahidə məlumatlarının dəqiqliyi, yenilənmə tezliyi və monitorinq imkanları hansı səviyyədədir və bu, risklərin vaxtında müəyyən olunmasına necə təsir edir?

- Bu gün dünyada aparıcı kosmik agentliklərin fəaliyyəti təkcə peyklərin hazırlanması və orbitə buraxılması ilə məhdudlaşmır. Onların əsas prioritetləri sırasında yeni texnologiyaların inkişafı, kosmosa çıxış imkanlarının genişləndirilməsi, elmi-tədqiqatların aparılması, kosmik turizm təşəbbüslərinə töhfə verilməsi, eləcə də kosmos sahəsində elm və təhsil proqramlarının icrası xüsusi yer tutur.

2022-ci il bizim Coğrafi İnformasiya Sistemləri Mərkəzimizin fəaliyyətə başlaması ilə yadda qaldı.

“Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzi bu gün regionda məkan məlumatları və CİS xidmətlərinin aparıcı təminatçılarından biridir. Mərkəzdə qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlanır və bu proseslərdə süni intellekt əsaslı analitika və proqnozlaşdırma həllərindən də istifadə olunur. Bu iqlim məlumatlarına çıxışın genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə 2024-cü ildə etibarən “Azərkosmos” Climate Report platformasını da (climatereport.az) istifadəyə verib. Eyni zamanda, peyk məlumatları və CİS texnologiyaları əsasında Farmer App, Platerra kimi rəqəmsal həllər hazırlanır və bu həllər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, resursların daha səmərəli idarə edilməsinə və qərarvermə proseslərinin dəstəklənməsinə xidmət edir.

Eyni zamanda, 2022-ci ildə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin yaradılması ölkədə kosmik biliklərin strukturlaşmış əsasda formalaşmasına imkan verdi. Mərkəz Coğrafi İnformasiya Sistemləri sahəsində ixtisaslaşmış kadrların hazırlanması və elmi-tədqiqatların inkişafı məqsədilə peyk məlumatlarından istifadənin genişləndirilməsinə xidmət edir. Mərkəzin əsas məqsədi geoinformasiya, peyk təsvirlərinin təhlili, süni intellekt, rəqəmsal emal və məsafədən zondlama sahələri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Bu günədək mərkəz tərəfindən 60-dan çox mütəxəssis yetişdirilib.

2023-cü il isə “Azərkosmos” üçün tarixi bir il oldu.

Məhz bu ildən etibarən Azərbaycan artıq beynəlxalq kosmik tədbirlərin keçirildiyi məkana çevrildi. 2023-cü il oktyabr ayının 2-6-da 50 ildən sonra Bakıda yenidən Beynəlxalq Astronavtika Konqresi keçirildi. Dünyanın 132 ölkəsindən 5400-dən çox beynəlxalq kosmik ictimaiyyət nümayəndəsini bir araya gətirdik. Bakı Konqresi çərçivəsində ilk dəfə olaraq 55 təşkilat eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv oldu.

2023-cü ildə ölkəmizdə “Kosmik fəaliyyət haqqında” Qanun da qəbul olundu.

Bu Qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair tələbləri müəyyən edir.

Beləliklə, Azərbaycan milli kosmik qanunun qəbul edilməsi ilə dünyada bu sahədə qanunvericiliyə malik olan 43-cü ölkə ünvanını aldı.

Daha da önəmlisi Azərbaycan 46° şərq uzunluğunda geostasionar orbital mövqeyə sahib oldu. Beləliklə, Azərbaycan bu mövqeyə rəsmi şəkildə malik olan ölkələr sırasında dünyada 48-cidir. Bu isə kosmosda Azərbaycanın hüquqi, texniki və siyasi mövqeyinin möhkəmlənməsi deməkdir.

Ümumiyyətlə, rəqəmsal strategiyamız ölkənin milli rəqəmsal gündəliyi ilə uyğunlaşdırılıb ki, bu da fəaliyyətimizin dövlət prioritetlərinə və mövcud tələblərə uyğun aparılmasını təmin edir.

Kosmik sahədə milli maraq və suverenlik çox vacib olduğu üçün biz 2023-cü ilin sonundan müasir texnoloji inkişafın çağırışlarına cavab verən daha yüksək ayırdetməli müşahidə peyklərinin hazırlanması üçün “Azersky-2” proqramına başladıq.

2024-cü ildə isə Akademiya yaradıldı.

Bu gün KOSMİK Akademiya regionda alternativi olmayan bir platformadır və Mərkəzi Asiya daxil olmaqla region ölkələri üçün kosmik hab rolunu oynayır. Akademiyanın əsas məqsədi Azərbaycanda innovativ kosmik ekosistemin inkişafında aparıcı qüvvə olmaqdır. Akademiya məktəblər, universitetlər və sənaye arasında əməkdaşlığı gücləndirməklə kosmik elm və təhsil sahəsinin inkişafına töhfə verir.

KOSMİK Akademiya çərçivəsində həyata keçirilən çoxsaylı layihələr Azərbaycan vətəndaşları arasında kosmos və yüksək texnologiyalara marağı artırır və cəmiyyəti yeni texnoloji inkişaf dövrünə hazırlayır. Təkcə ötən il ərzində KOSMİK Akademiya proqramlarının məzun sayı 12000 nəfəri ötüb.

2024-cü ildə “Azərkosmos”, həmçinin COP29 çərçivəsində daha bir mühüm beynəlxalq təşəbbüsə ev sahibliyi etdi. Kosmik Agentliklərin Liderlərinin Sammiti Bakıda keçirildi. Sammit “İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunmuşdu. Nəticədə 20-yə yaxın qlobal kosmik agentliyin rəhbəri kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədini təsdiqlədi. Bu, Azərbaycanın kosmik diplomatiya xəttinin artıq qlobal miqyasda qəbul olunduğunu göstərir.

2025-ci ildə isə biz bu xətti daha da möhkəmləndirdik.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmik agentliklərinin rəhbərlərinin 4-cü illik görüşü Bakıda keçirildi. Bundan dərhal sonra isə Kosmik Texnologiyalar Konfransı 2025 (STC2025) baş tutdu. Bu tədbirlər artıq Bakının region üçün kosmik müzakirə və əməkdaşlıq platformasına çevrildiyinin bariz nümunəsidir.

2025-ci ilin sonu xüsusilə qürurverici bir hadisə baş verdi. Azərbaycanlı məktəblilər ilk dəfə öz peyklərini hazırladılar.

“Azərbaycanın Zəfəri” adlı bu peyk ötən il noyabrın 28-də ABŞ-də Vandenberq Kosmik Qüvvələr Bazasından “Falcon 9” raketi ilə orbitə göndərildi.

Bu peyk gələcəyin mühəndislərinin, alimlərinin və liderlərinin kosmosa ilk addımıdır.

Həmçinin ötən il atılan mühüm addımlar sırasında “Azərkosmos” mütəxəssisləri tərəfindən hazırlanan Mini-TVAC termal vakuum sınaq kamerasının istehsalı da diqqətçəkən layihələrdən biri oldu. Bu avadanlıqdan kiçikölçülü peykləri test etmək üçün istifadə edilir. Eyni zamanda, artıq qurumların sifarişi əsasında avadanlıqların dizaynı, inteqrasiyası və sınaqları həyata keçirilir ki, bu da ölkəmizdə kosmik texnologiyalar üzrə yerli texnoloji imkanların formalaşdığını göstərir.

15 il əvvəl Azərbaycanda kosmik ekosistem anlayışı faktiki olaraq mövcud deyildi. Kosmik sahədə mütəxəssislər yox idi. Bu gün isə Azərbaycanda:

– peyk mühəndisləri,

– peyk əməliyyatları üzrə mühəndislər,

– peyk təsvirləri üzrə mütəxəssislər,

– kosmik hüquq, kosmik iqtisadiyyat və kosmik layihələrin idarəedilməsi,

– coğrafi informasiya sistemləri üzrə ekspertlər,

eləcə də spesifik olaraq kosmik peşə hesab edilməyən, lakin kosmik sahənin detallarını bilən və bu sahədə fəaliyyət göstərən bir sıra ümumi ixtisaslı peşələr formalaşıb.

Ali təhsil müəssisələrində kosmik ixtisas istiqamətləri yaradılıb. Minlərlə gənc kosmik elm, innovasiya, tədqiqat və layihə fəaliyyətinə cəlb olunub.

- 2025-ci ildə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentlikləri və Müvafiq Qurumlarının 4-cü görüşündə tərəflər peyk layihəsinin buraxılışı barədə razılığa gəldilər. Bu layihə üzrə işlər hansı mərhələdədir?

- Peyk sahəsində əməkdaşlığı yeniləmək məqsədilə birgə Kub Sat peyki orbitə buraxılması nəzərdə tutulur və bunun üzərində hal-hazırda da çalışmalar davam edir. Həm “Azərkosmos” tərəfindən, həm də digər türkdilli dövlətlərin peyk sahəsində fəaliyyət göstərən agentliklər tərəfindən işlər sürətlə görülür.

12U TDT-Sat kub peyk layihəsi istehsalın son mərhələsinə çatıb və buraxılışa hazırlanır.

Düşünürəm ki, yaxın gələcəkdə, bu peyk orbitə buraxılacaq.

Seçilən
4
3
azerbaijan-news.az

4Mənbələr