AZ

Fəzail İbrahimli -75 - O, tələbəlik illərimin müəllimidir... » AzadMedia.az


Fəzail İbrahimli -75
O, tələbəlik illərimin müəllimidir...


Aprelin 12-si – dəyərli alim, professor, ictimai xadim və millət vəkili, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, Vətandaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlinin 75 illik ömür yolunun şərəfli bir zirvəsidir. Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12- də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.

İnsan var ki, onu vəzifəsi tanıdır, insan da var ki, vəzifələr onun şəxsiyyəti ilə dəyər qazanır. Fəzail müəllim məhz ikinci qəbildəndir. Onu tanıyanlar yaxşı bilir ki, sadəlik onun təbiətidir, təvazökarlıq isə həyat fəlsəfəsi. Gözü-könlü tox, əxlaqı saf, ədalət hissi güclü bir insan kimi o, hər zaman hörmətlə xatırlanır və sevilir.

Mənim üçün isə Fəzail müəllim sadəcə ictimai xadim deyil – o, tələbəlik illərimin müəllimidir. BDU auditoriyalarında tarixdən bizə dərs deyən o sakit, utancaq, amma bir o qədər də dərin düşüncəli insan illər keçsə də dəyişməyib. O vaxt necə idisə, bu gün də elədir – səmimi, həyası üzünə qızartı gətirən, daxilən saf bir ziyalı.

Uzun illər Milli Məclisdə fəaliyyət göstərərək deputat, sədr müavini, komitə sədri kimi məsul vəzifələr daşısa da, o, heç zaman sadəliyindən uzaqlaşmadı. Bu da onun böyüklüyünün ən bariz göstəricisidir.
75 illik ömür yolu təkcə illərin cəmi deyil – bu, xidmətlə, zəhmətlə, dürüstlük və ləyaqətlə yoğrulmuş bir həyat dastanıdır.

Hörmətli Fəzail müəllim, Sizi bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun ömür, daim belə saf və nurlu qalmağı arzulayıram. Sizin kimi insanların varlığı cəmiyyət üçün böyük nemətdir.
Ad gününüz mübarək olsun!

Şəmsiyyə Kərimova,
"Yeni təfəkkür "qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Seçilən
18
azadmedia.az

2Mənbələr