AZ

Kalori saymadan da arıqlamaq mümkündür – Bu məqamlara diqqət!

Oturaq həyat tərzi sürən və idmana vaxt ayıra bilməyən insanlar üçün arıqlamaq bəzən çətin görünür. Düzgün qida ardıcıllığına əməl etməklə kalori saymadan da çəki azaltmaq mümkündür.

“Yeni Sabah” xəbər verir ki, bunu dietoloq Elnur Nemətov paylaşımında qeyd edib.

Mütəxəssis bildirir ki, bir çox insan arıqlamaq üçün mütləq idman etməli və ya kalori hesablamalı olduğunu düşünür. Halbuki, qidanın tərkibi ilə yanaşı, onun hansı ardıcıllıqla qəbul edilməsi də bədənin metabolik reaksiyalarına ciddi təsir göstərir.

Dietoloqun sözlərinə görə, eyni qidanın fərqli formada və ya ardıcıllıqla yeyilməsi həzm prosesinə və doyma hissinə təsir edir. Məsələn, ətin farş şəklində yeyilməsi bütöv tikə ilə müqayisədə daha tez həzm olunur. Eyni zamanda, kartofun püre kimi deyil, soyudulmuş halda qəbul edilməsi tərkibində yaranan rezistent nişasta səbəbindən qan şəkərinin daha yavaş yüksəlməsinə və uzunmüddətli toxluq hissinə səbəb olur. Ciyərin paştet şəklində deyil, kabab kimi yeyilməsi də daha uzun müddət enerji təmin edir.

Elnur Nemətov vurğulayır ki, arıqlamaq istəyən şəxslər yeməyə zülalla başlamağa üstünlük verməlidirlər. Bu yanaşma karbohidratların sorulmasını yavaşladır, insulin sıçrayışını azaldır və qan şəkərinin daha stabil qalmasına kömək edir. Nəticədə, insan daha tez doyur və porsiyalar avtomatik olaraq kiçilir.

Mütəxəssis bunu sadə bir nümunə ilə izah edir: əgər yemək qarabaşaq, kotlet və salatdan ibarətdirsə, düzgün ardıcıllıq belə olmalıdır:

Zülal - kotlet

Lif - salat

Karbohidrat - qarabaşaq

Əksinə, yeməyə karbohidratla başlandıqda qan şəkəri sürətlə yüksəlir və qısa müddət sonra yenidən aclıq hissi yaranır. Zülal və liflə başlamaq isə daha uzunmüddətli toxluq təmin edir, şirniyyata və qəlyanaltılara olan ehtiyacı azaldır. Beləliklə, kalori saymadan belə ümumi kalori qəbulu azalır.

Bununla yanaşı, dietoloq qeyd edir ki, bu metod hərəkətsiz həyat tərzini tamamilə kompensasiya etmir. Metabolizmanı dəstəkləmək üçün gün ərzində qısa gəzintilər, pilləkənlə qalxmaq və ya 5–10 dəqiqəlik yüngül hərəkətlər etmək tövsiyə olunur. Kifayət qədər su qəbulu da doyma hissinin artmasına və həzm prosesinin yaxşılaşmasına kömək edir.

E.Nemətovun sözlərinə görə, qida ardıcıllığı effektiv və praktik yanaşma olsa da, “bir ölçü hamıya uyğundur” prinsipi doğru deyil. İnsanların metabolizması, insulin həssaslığı, hormonal balansı, yuxu rejimi və həyat tərzi fərqli olduğundan, ən yaxşı nəticə fərdi yanaşma ilə əldə edilir. Bu səbəbdən, arıqlamaq istəyən şəxslərə peşəkar nutrisioloqlara müraciət etmələri tövsiyə olunur.

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr