AZ

Faydasızdır deyib məhv edirdik, lakin dəyəri 100 min manat imiş

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 

Bir çox ölkələrdə təbiətin qorunması ilə bağlı ciddi qaydalar tətbiq olunur. Məsələn, Almaniyada eşşək arılarını öldürən şəxslər 5 min avrodan (təxminən 10 min manat) 50 min avroya (100 min manat) qədər cərimə oluna bilər. Bu, onların ekosistemdəki rolu ilə əlaqələndirilir.

Azərbaycanda bu təcrübə tətbiq edilə bilərmi? Qanunvericikliklə hansı həşəratı, heyvanı öldürəndə yüksək məbləğdə cərimə gəlir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, insan təbiətə uzun illər “faydalı” və “zərərli” prizmasından baxıb:

“Məsələn, arı bal verirsə, faydalıdır. Ağcaqanad sancdığı üçün zərərlidir. Eşşək arısı qorxu yaradır, ona görə məhv edilməlidir. Bu sadə bölgü insan düşüncəsinə rahatlıq gətirib, amma reallığı kobud şəkildə təhrif edib. Çünki təbiətdə heç bir canlı “gərəksiz” kateqoriyasına aid deyil. Eşşək arısı bir çox zərərverici həşəratların təbii tənzimləyicisidir. O, kənd təsərrüfatını qoruyur, ekosistemdə balans yaradır. “Zərərli” adlandırdığımız canlı əslində daha böyük zərərin qarşısını alan mexanizmdir. Təbiətdə istənilən bir dəyişiklik sistemi dərhal pozmur, amma proses səssiz, yavaş vəə geri dönməz formada başlayır. Məhz buna görə bəzi ölkələr artıq fərqli düşünür. Onlar cəriməni arının “qiyməti” kimi yox, balansın pozulmasına verilən hüquqi reaksiya kimi müəyyən edir. Bu, emosional qərar deyil, gecikmiş rasional nəticədir. Çünki insan anlayır ki, təbiətə vurulan zərər gec-tez hüquqi deyil, bioloji cəza ilə geri qayıdır”.

Hüquqşünas bildirib ki, bizim əhali isə hələ də həyətdə gördüyü həşəratı reflekslə məhv edir:

“Soruşmuruq ki, bu canlı burada hansı rolu oynayır və onun yoxluğu nəyə səbəb olacaq. Bu sualları vermədiyimiz üçün qanunlar da gecikir. Hüquq həmişə reallığın arxasınca gəlir. Yəni əvvəl zərər baş verir, sonra norma yaranır, əvvəl balans pozulur, sonra qoruma mexanizmi qurulur. Amma gələcək fərqli olacaq. Çünki ekologiya artıq seçim yox, zərurətdir. Elə bir dövr gələ bilər ki, ən kiçik həşərat belə hüquqi status daşıyacaq. O zaman məsələ cərimə məbləği deyil, insanın təbiət qarşısında məsuliyyətini nə qədər gec dərk etməsi olacaq”.

E.Bayramova qeyd edib ki, Azərbaycanda bu məsələyə yanaşma formalaşma mərhələsindədir:

“Belə təşəbbüslər adətən dövlət siyasəti səviyyəsində qəbul olunur və bu, hüquqi mexanizmlərin yaradılması deməkdir. Bu cür addımlar ekoloji balansın qorunmasına, cəmiyyətdə hüquqi və ekoloji düşüncənin formalaşmasına xidmət edir. Nəticədə ölkənin beynəlxalq imicini gücləndirir. Lakin bu cür sərt mexanizmlər cəmiyyət hazır olmadan tətbiq edilərsə, reallıqdan qopma baş verə bilər. İnsanlar səbəbi anlamadan nəticəyə reaksiya verər və proses narazılıq doğurar. Eyni zamanda, inzibati praktika zəif olduqda sui-istifadə riski yaranar, sübut mexanizmləri qeyri-müəyyən qalar və cərimələr ədalətli tətbiq olunmaya bilər. Bundan əlavə, prioritet məsələsi də ortaya çıxır. Azərbaycan reallığında daha ciddi ekoloji problemlər mövcuddur və bu fonda yüksək cərimələr bəzən balanssız qərar kimi qəbul edilə bilər. Bütün bunları nəzərə alaraq ən doğru yanaşma mərhələli sistemin qurulmasıdır. Yəni əəvvəl qorunan növlər müəyyən edilməli, daha sonra cəmiyyət maarifləndirilməli və yalnız bundan sonra hüquqi sanksiyalar tədricən sərtləşdirilməlidir. Çünki problem ondadır ki, biz təbiəti qorumağa zərər baş verəndən sonra başlayırıq. Halbuki düzgün dövlət siyasəti bu mərhələyə çatmamalıdır ki, bir həşəratın dəyərini cərimə ilə izah etsin. Təbiət heç nəyi artıq yaratmır, artıq olan yalnız insanın onu anlamaqda gecikməsidir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
globalinfo.az

3Mənbələr