AZ

Madyar Macarıstan prezidentini istefaya çağırıb

“Tisa” partiyasının lideri prezident Tamaş Şuyokun, eləcə də bir sıra yüksəkvəzifəli məmurların istefasını istəyib, Viktor Orbana isə yeni hökumətin fəaliyyətinə mane olmamağa çağırış edib...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın müxalif “Tisa” partiyasının lideri Peter Madyar Budapeştdə tərəfdarları qarşısında çıxışı zamanı danışıb. O, ölkə prezidenti Tamaş Şuyoku istefaya getməyə çağırıb və bildirib ki, prezident əvvəlcə ondan baş nazir kimi hökumət formalaşdırmağı xahiş etməli, bundan sonra isə vəzifəsini tərk etməlidir.

Peter Madyar çıxışında yalnız prezidentin deyil, dövlət idarəçiliyində mühüm postlar tutan bir sıra şəxslərin də istefasını tələb edib. O, ölkənin ali hakimlərini, baş prokurorunu, Dövlət Nəzarət İdarəsinin sədrini, milli media idarəsinin rəhbərini və digər yüksəkçinli məmurları da vəzifədən getməyə çağırıb.

“Tisa” lideri baş nazir Viktor Orbana da ayrıca müraciət edib. O, Orbandan bugündən etibarən yalnız icraedici hökumət kimi davranmağı və gələcəkdə “Tisa” hökumətinin fəaliyyətini məhdudlaşdıra biləcək heç bir qərar qəbul etməməyi istəyib. Madyarın fikrincə, hazırkı hakimiyyətin atacağı addımlar yeni siyasi mərhələyə maneə yaratmamalıdır.

Peter Madyar bundan əvvəl də bəyan etmişdi ki, hakimiyyətə gələcəyi təqdirdə Macarıstanın Avropa İttifaqı və NATO-da tamhüquqlu iştirakını bərpa edəcək. O vurğulayıb ki, Macarıstan yenidən tam mənada Avropa ölkəsi olmaq istəyir və ölkənin gələcək siyasi kursu da bu istiqamətdə qurulmalıdır.

İlkin seçki nəticələrinə əsasən, “Tisa” partiyası Macarıstan parlamentində konstitusiya çoxluğu əldə edir. Səslərin 97,74 faizinin hesablanmasından sonra “Tisa”nın 138, hakim “Fides” partiyasının isə 54 mandat qazandığı bildirilir. Bu mənzərə ölkədə uzun illər davam edən siyasi balansın ciddi şəkildə dəyişdiyini göstərir.

Madyarın səsləndirdiyi çağırışlar seçki nəticələrinin təkcə parlament çoxluğu ilə məhdudlaşmadığını, həm də dövlət institutlarında genişmiqyaslı dəyişiklik tələbini ortaya qoyduğunu göstərir. Bu isə yaxın günlərdə Macarıstanda həm siyasi, həm də institusional səviyyədə gərgin proseslərin yaşana biləcəyinə işarə edir.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr