Yaz aylarında havaların kəskin dəyişməsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti sağlamlıq üçün əlavə risklər yaradır.
Əhali son günlər yayılan xəstəliklərdən qorunmaq üçün nə etməlidir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan terapevt Aygül Sayılova deyib ki, mart-aprel aylarında müşahidə olunan hava orqanizmin adaptasiya imkanlarını zəiflədir:
“Beləliklə, immun sistemində müvəqqəti enmə yarana bilər. Bu dövrdə insanlar xüsusilə səhər və axşam saatlarında temperatur fərqini nəzərə almalı, geyim seçimini hava şəraitinə uyğun tənzimləməlidirlər. Bir gün xoş, bir gün soyuq, yağışlı keçən hava şəraitində ən çox soyuqdəymə, kəskin respirator virus infeksiyaları, qrip, angina və bronxit kimi tənəffüs yolu xəstəlikləri yayılır”.
Həkim bildirib ki, bu dövrdə yaz mövsümünə xas olan allergik reaksiyaların da artması müşahidə olunur:
“Bu səbəbdən insanların immuniteti qorumağa diqqət etməsi, düzgün qidalanması, kifayət qədər istirahət etməsi və qəfil soyuma, yaxud istiləşmədən qorunması tövsiyə olunur. Xüsusilə uşaqlar və yaşlılar kimi risk qruplarının səhhətlərinə daha çox diqqət yetirməsi vacibdir”.