Beynəlxalq alimlər qrupu arterial təzyiqin artmasına birbaşa təsir göstərə bilən beyin sahəsini müəyyən edib.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Circulation Research jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər beyin kötüyündə yerləşən və az öyrənilmiş lateral parafasiya sahəsinə (pFL) diqqət yetiriblər. Əvvəllər əsasən tənəffüsün tənzimlənməsi ilə əlaqələndirilən bu bölgənin qan damarlarını daraldaraq arterial təzyiqi artırdığı müəyyən edilib.
Siçovullar üzərində aparılan təcrübələr göstərib ki, pFL-dəki neyronlar yalnız tənəffüs ritmini deyil, həm də simpatik sinir sisteminin fəaliyyətini tənzimləyir. Bu sistem “döyüş və ya qaç” reaksiyasına cavabdehdir və onun həddindən artıq aktivliyi hipertoniyanın əsas səbəblərindən biri hesab olunur.
Tədqiqatın müəlliflərindən biri, Julian Paton bildirib ki, yüksək təzyiq zamanı bu beyin sahəsi aktivləşir, onun fəaliyyəti dayandırıldıqda isə təzyiq normallaşır.
Alimlərin fikrincə, bu kəşf bəzi hallarda dərmanlara baxmayaraq təzyiqin niyə yüksək qalmasını izah edə bilər. Məlumata görə, hipertoniyanın təxminən 40–50 faizi beyin fəaliyyəti ilə əlaqəli neyrogen mənşəyə malikdir.
Bundan əlavə, nəticələr yüksək təzyiq ilə yuxu apnoesi arasındakı əlaqəni də izah edir. Oksigen çatışmazlığı və ya karbon qazının artması kimi hallar pFL neyronlarını aktivləşdirərək təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Alimlər bu mexanizmə təsir etmək üçün yeni yanaşma da təklif ediblər. Onlar birbaşa beyinə müdaxilə əvəzinə boyun nahiyəsində yerləşən karotid cisimciklərinə təsir etməyi planlaşdırırlar. Bu strukturlar pFL-in fəaliyyətinə dolayı yolla təsir göstərə bilər.
Qeyd olunur ki, tədqiqat hələlik yalnız heyvanlar üzərində aparılıb və nəticələrin insanlarda təsdiqi üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, bu kəşf gələcəkdə hipertoniyanın müalicəsi üçün yeni üsulların hazırlanmasına zəmin yarada bilər.
NURİYYƏ