AZ

Avtomobil hansı hallarda “həbs” olunur? – XƏBƏRDARLIQ!

Müasir dünyada avtomobil artıq sadə bir nəqliyyat vasitəsi deyil, gündəlik həyatımızın ayrılmaz parçası, hərəkət azadlığımızın rəmzidir. Lakin bu azadlıq dövlətin müəyyən etdiyi hüquqi çərçivələr daxilində mövcuddur. Hər bir sürücü üçün ən arzuolunmaz ssenarilərdən biri, yol kənarında saxlanılaraq avtomobilinin evakuator vasitəsilə cərimə meydançasına aparılmasını izləməkdir. Bu proses həm vaxt itkisi, həm gözlənilməz xərclər, həm də ciddi psixoloji gərginlik deməkdir.

Əksər sürücülər bu tədbiri sadəcə bir “cəza” kimi qəbul etsələr də, qanunvericilik baxımından bu, xətanın qarşısının alınması və hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq edilən məcburi inzibati tədbirdir. Azərbaycan Respublikasının yollarında nizam-intizamın qorunması məqsədilə tətbiq edilən bu “həbs” qərarı, yalnız İnzibati Xətalar Məcəlləsində dəqiq göstərilmiş əsaslar mövcud olduqda qanuni hesab edilir. Sürücülərin çoxu qanunların incəliklərini bilmədikləri üçün bəzən haqlı, bəzən isə mübahisəli vəziyyətlərlə qarşılaşırlar. Bəs qanun hansı məqamda polisin avtomobili əlinizdən alıb duracağa aparmasına yaşıl işıq yandırır? Hansı texniki nasazlıqlar və ya sənəd çatışmazlıqları sizi piyada qoya bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, avtomobilin duracağa aparılması özbaşına baş verən bir proses deyil və bunun arxasında ciddi hüquqi prosedurlar dayanır: “Sürücülər bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi nəqliyyat vasitəsinin saxlanılma qaydalarını tənzimləyir. Əgər sürücünün yanında sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud lazım olan hallarda etibarnamə və ya yol vərəqəsi yoxdursa, polis avtomobili cərimə meydançasına göndərə bilər. Lakin burada bir incəlik var: əgər həmin sənədlər qısa müddətdə hadisə yerinə gətirilərsə və ya xəta yerindəcə aradan qaldırılarsa, maşının duracağa aparılmasına ehtiyac qalmır. Həmçinin, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları olmadıqda, onlar saxta olduqda və ya başqa avtomobilin nömrələri taxıldıqda, maşının dərhal saxlanılması qanunla tələb olunur”.

Onun sözlərinə görə, ən sərt tədbirlər sürücünün vəziyyəti ilə bağlı olur: “Sürücü sərxoş vəziyyətdədirsə, yaxud narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə edirsə, o, dərhal sükan arxasından kənarlaşdırılmalıdır. Əgər həmin vaxt avtomobili idarə etməyə hüququ olan başqa bir şəxs yanında yoxdursa, nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılır. Eyni qayda sürücülük hüququ olmayan və ya bu hüquqdan məhrum edilmiş şəxslərə də şamil edilir. Çünki belə şəxslərin yolda olması potensial qəza mənbəyidir. Bundan əlavə, avtomobilin konstruksiyasında qanunsuz dəyişikliklər edilibsə, mühərrik və ya ban nömrələri sənədlərlə uyğun gəlmirsə, bu, ciddi qanun pozuntusudur və araşdırma bitənədək maşın meydançada qalmalıdır”.

Hüquqşünas qeyd edib ki, ödənilməmiş cərimələr də ən geniş yayılmış səbəblərdən biridir: “Əgər sürücü barəsində çıxarılmış cərimə qərarı qanuni qüvvəyə mindikdən sonra 2 ay ərzində ödənilməyibsə, həmin nəqliyyat vasitəsinin saxlanılması barədə elektron qərar verilir. Yol polisi bu avtomobili saxladıqda, o, mütləq cərimə meydançasına aparılmalıdır və yalnız borc ödənildikdən sonra sərbəst buraxıla bilər. Həmçinin texniki nasazlıqlar, xüsusən əyləc sistemində və ya sükan idarəetməsində olan problemlər hərəkətin davam etdirilməsinə imkan vermir. Belə hallarda avtomobil ya yerində təmir olunmalı, ya da duracağa daşınmalıdır. Sürücülərə tövsiyəm odur ki, cərimə meydançasına giriş zamanı tərtib olunan protokola diqqətlə baxsınlar, avtomobilin vizual vəziyyətini qeyd etdirsinlər ki, sonradan hər hansı zədə ilə bağlı mübahisə yaranmasın”.

Tunar,
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr