AZ

GAZ və MTZ-nin strateji tərəfdaşlığının yubiley ili: Azərbaycan və Belarusun inkişafı naminə – Minskdən reportaj

BAKI,TurkicWorld

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin (GAZ) Müşahidə Şurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun ən iri maşınqayırma müəssisələrindən biri olan və dünya üzrə "Belarus" brendi ilə tanınan "Minsk Traktor Zavoduna" (MTZ) səfər edib.

TurkicWorld xəbər verir ki, MТZ ASC-nin baş direktoru Taras Muroq azərbaycanlı qonaqlara Belarus sənayesinin flaqmanlarından birinin müasir məhsullarını təqdim edib, zavodun muzeyinə ekskursiya təşkil olunub. Bildirilib ki, 1946-cı ildə əsası qoyulan müəssisə dünyanın ən iri traktor istehsalçılarının sıralarına daxildir və təkərli traktorlar bazarında əhəmiyyətli paya malikdir. MTZ geniş çeşiddə texnika istehsal edir: təkərli və tırtıllı traktorlar, kənd təsərrüfatı maşınları, kommunal və tikinti texnikası, meşə təsərrüfatı maşınları, asma və qoşqu avadanlıqları. Müəssisənin fəaliyyəti dövründə ümumilikdə 3 milyondan çox traktor istehsal olunub və bu texnika dünyanın təxminən 100 ölkəsinə ixrac edilir.

Taras Muroq Trend-ə müsahibəsində "Gəncə Avtomobil Zavodu" ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

GAZ Azərbaycan bazarında bizim strateji tərəfdaşımızdır. Artıq iyirmi ildir ki, səmərəli əməkdaşlıq həyata keçiririk. Hər il Azərbaycana ən azı 80–120 at gücünə malik 700 ədəd texnika tədarük olunur, bəzi illərdə isə bu göstərici min ədədi ötüb. Bu gün bostan bitkiləri və fermer təsərrüfatları üçün mini-traktorların, eləcə də iri kənd təsərrüfatı istehsalı üçün güclü (350 at gücündə) texnikanın perspektivləri mövcuddur. Əməkdaşlığın yubiley ilində birgə tədbirlərdə, o cümlədən sərgilərdə daha fəal iştirak etməyi planlaşdırırıq. Zavodlarımız ən uzunmüddətli və etibarlı tərəfdaşlardır", – deyə MTZ rəhbəri bildirib.

Gəncə Avtomobil Zavodunun İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev Trend-ə müsahibəsində qeyd edib ki, Belarus texnikasının təxminən 80 faizi GAZ-da yığılır ki, bu da onun yüksək keyfiyyətini və rəqabət qabiliyyətini təsdiqləyir. O, həmçinin dövlət dəstəyinin rolunu vurğulayıb:

""Minsk Traktor Zavodu" ilə əməkdaşlığımızın başlanmasından artıq 20 il keçir. 2006-cı ildə Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı bu tərəfdaşlığın əsası qoyulub. Layihə heç vaxt dayanmayıb, hətta pandemiya dövründə belə müəssisə traktorların yığılmasını davam etdirib. Aprelin 7-8-də MTZ-yə səfər zamanı əməkdaşlığın gələcək inkişafını, yeni layihələri yenidən müzakirə etdik, həmçinin texnikanın birgə istehsalı və üçüncü ölkələrə ixracı barədə razılığa gəldik", – deyə X.Fətiyev bildirib.

Onun sözlərinə görə, bu günə qədər müəssisədə müxtəlif modellər üzrə 15 000-dən çox traktor yığılaraq istismara verilib:

"Şadıq ki, istehsal etdiyimiz texnikadan Azərbaycanın bütün şəhər və rayonlarında istifadə olunur. İstehlakçılar məhsullarımızın keyfiyyətindən razıdırlar. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, müəssisəmizdə yığılan güclü texnika bu gün işğaldan azad olunmuş ərazilərdə – doğma Qarabağımızda xidmət göstərir", – deyə Xanlar Fətiyev vurğulayıb.

"Əməkdaşlığın ilk illərində biz istehsala MTZ markalı "Belarus 80.1", "Belarus 82.1", "Belarus 1221", "Belarus 1025","Belarus 892", "Belarus 80X" traktorlarının yığılması ilə başladıq. Daha sonra daha güclü kənd təsərrüfatı texnikasının yığımını təşkil etdik. Üçüncü ölkələrə ixrac layihəsi reallaşarsa, həm istehsal həcmləri, həm də model çeşidi mütləq artacaq. Hazırda mühüm layihə üzərində işləyirik. Ümid edirəm ki, bu məqsədə nail olacağıq və belaruslu həmkarlarımızla əməkdaşlığın yeni mərhələsi başlayacaq", – deyə o bildiribş

Tərəflər cari məsələləri və gələcək planları müzakirə ediblər. Görüşdə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç də iştirak edib. Sonda Xanlar Fətiyev fəxri qonaqlar kitabında ismarıc yazıb.

Xatırladaq ki, bundan əvvəl "Gəncə Avtomobil Zavodu"nda MAZ şassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd) yığılması barədə saziş imzalanıb. Bu saziş Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı verdiyi tapşırıqların icrası çərçivəsində imzalanıb. Sənədi Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və MAZ ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar.

Seçilən
2
1
turkic.world

2Mənbələr