ABŞ Dövlət Departamenti ölkədə yaşayan yüksək rütbəli İran rəsmilərinin ailə üzvlərinə qarşı genişmiqyaslı təmizləmə əməliyyatına start verib.
Musavat.com xəbər verir ki, son olaraq İranın keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu İsa Haşimi, onun həyat yoldaşı və övladı saxlanılıb.
Dövlət Departamentinin bəyanatına görə, 2017-2021-ci illərdə vitse-prezident vəzifəsini tutmuş Ebtekarın oğlu və ailəsinin "green card" statusu ləğv edilib. 2014-cü ildən ABŞ-da yaşayan və 2016-cı ildə leqal rezident statusu alan bu şəxslər hazırda deportasiya olunacaqları günü gözləyirlər.
Əməliyyatlar bununla bitmir. ABŞ hakimiyyəti 2020-ci ildə öldürülən "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin qardaşı qızı və qardaşı nəvəsini də saxlayaraq onların sənədlərini ləğv edib.
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı öldürülən Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı və kürəkəninin də daimi rezident statusu ləğv edilib. Onların ölkəyə girişi rəsmən qadağan olunub.
Analitiklər hesab edirlər ki, Donald Tramp administrasiyası bu addımlarla İran elitasına "ailə sanksiyaları" tətbiq edir. Bu, İslamabadda sülh danışıqlarının iflasından sonra Tehran üzərindəki psixoloji təzyiqi artırmaq məqsədi daşıyır.
ABŞ daxilində İranın hakim dairələrinə yaxın olan digər şəxslərin də müəyyən edilərək deportasiya ediləcəyi gözlənilir. Vaşinqton bu gedişlə həm də ölkə daxilindəki "casus şəbəkələri" və nüfuz dairələrinə qarşı profilaktik tədbirlər gördüyünü nümayiş etdirir.
Musavat.com