Xəbər verdiyimiz kimi, Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" 2-ci bundesliqada növbəti oyununu keçirib. 29-cu turda Berlində "Herta"nın qonağı olan "qırmızı iblislər" evə qələbə ilə qayıdıb (1:0). Qonaqların qolunu 47-ci dəqiqədə Mercim Berişa vurub. Mahir Emreli isə əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşib.
Xatırlayırsızsa, daha əvvəl Torsten Liberknextin aparıcı hücumçusu İvan Prtayinin yoxluğunda (ağır zədə üzündən mövsümü erkən başa vurub) Berişaya şans verdiyini yazmışdıq. Meydana çıxdığı 7-ci matçda qollarının sayını 2-yə çatdıran futbolçu böyük ehtimalla növbəti görüşdə də start heyətində olacaq. Bu o deməkdi ki, Mahirin qarşıdakı matçda da forma geyməmək ehtimalı yetərincə yüksəkdi. Təbii ki, məşqlərdə fövqəladə səviyyə göstərməsə...
Kəsəsi, Mahirə bu komandada çörək yoxdu!
Bu gün bizi sevindirə biləcək yeganə məqam 7-ci sırada olan "Kayzerslautern"in 6-cı yerdəki "Herta"nı məğlub etməsidi. Çünki "qırmızı iblislər" bu qələbə sayəsində 1-ci bundesliqaya vəsiqə uğrunda pley-off oyununa çıxmağa imkan verən 3-cü pillə (burda hazırda "Hannover-96" qərarlaşıb) ilə aradakı xal fərqini 7-yə endirdi. O başqa məsələ ki, son 5 turda həmin fərqi azaltmaq da çətindi.
“Kayzerslautern" aprelin 17-də 30-cu tur matçında "Holştayn"la səfərdə qarşılaşacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta