AZ

Biz Azərbaycana getməsək, onlar Ermənistana gəlməsələr, heç vaxt sülh olmayacaq - Koçinyan

BAKI, 13 aprel. TELEQRAF

“Dünən Azərbaycanda keçirilən “Sülh Körpüsü” təşəbbüsünün dördüncü görüşündən qayıtdıq. Görüş “20+20” formatında baş tutdu”.

Teleqraf xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan deyib.

“Ermənistan və Azərbaycanın delimitasiya olunmuş sərhəd xəttində bütün müvafiq pasport-gömrük nəzarəti prosedurlarından keçdik və Azərbaycana səfər etdik.

Fakt budur ki, bu formatda artıq dördüncü görüş keçirilir və görüşlərin davam edəcəyi ilə bağlı aydın razılaşma var. Bu, artıq özü-özlüyündə kifayət qədər böyük nailiyyətdir. Bu platformadan 38 illik münaqişədən sonra ekspertlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin dörd görüşü nəticəsində cəmiyyətdə böyük dəyişikliklər gözləyə bilmərik. Amma görüşlərin keçirilməsi, genişlənməsi və davam etməsi çox vacibdir.

İkincisi, siz bunların olmaması üçün onlarla səbəb deyə bilərsiniz, mən isə yüzlərlə səbəb əlavə edə bilərəm ki, niyə biz Azərbaycana getməliyik, niyə Azərbaycan nümayəndələri Ermənistana gəlməlidir. İndi niyə bu səfərlərin olması üçün bir şey deyə bilərəm. Fikrimcə, bu səfərlər sülh gündəliyinin irəliləməsinə kömək edir, Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün qurulmasına töhfə verir və iki ölkənin hökumətləri tərəfindən irəli sürülən sülh gündəliyini dəstəkləyir”, - ekspert bildirib.

Koçinyanın sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan dövlət rəsmiləri onlara belə bir fikri çatdırıblar ki, artıq iki ölkə arasında sülh mövcuddur, artıq sülh bərqərar olub, indi onun genişləndirilməsi və dərinləşdirilməsi mərhələsi gedir:

“Bu vacibdir, çünki biz çox vaxt detallardan, prosesdən və gündəlik xəbərlərdən danışaraq, ümumi mənzərəni bir qədər bulanıqlaşdırırıq və ya unuduruq. Lazımi işlər görülməsə, heç vaxt sülh olmayacaq”.

Xatırladaq ki, aprelin 10-12-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr