Satınalma şərtlərinin manipulyasiyası üzrə risklər hələ də mövcuddur
Satınalmaların vaxtında keçirilməməsi üzrə təhlil göstərir ki, 2025-ci ildə də satınalmalar rüblər üzrə qeyri-bərabər paylanmış, xüsusilə ilin son rüblərində cəmləşmə meyli müşahidə olunub.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə nisbətən balanslaşma müşahidə edilsə də, satınalmaların əsas hissəsi, təxminən 60%-i, o cümlədən 4-cü rüb 31,2% yenə də ilin ikinci yarısında həyata keçirilib: “2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu, təxminən 64%-i satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlanıb. Bununla yanaşı, təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda, 70-dən çox təşkilatın isə ilk satınalması 9-cu ayda baş verib”.
Bağlanmış müqavilələrin tam icra olunmaması məsələsinə toxunan V. Gülməmmədov deyib ki, qurumlar tərəfindən təqdim edilmiş məlumatların (müvafiq informasiya sisteminə daxil edilən) ilkin təhlili göstərir ki, hesabat ilində təxminən müqavilələrin 30%-i tam icra icra olunmayıb.
O əlavə edib ki, keçirilmiş satınalma üzrə əldə olunan nəticələrin qiymətləndirilməsi demək olar heç bir təşkilat üzrə bu fəaliyyət aparılmır.
“Satınalma sahəsində qurumdaxili daxili nəzarətin mövcudluğu, etibarlılığı və səmərəliyinə gəldikdə ddeeyə bilərik ki, bu sahədə nəzarət tədbirlərinə əsasən cəmi 10% halda bu strukturların fəaliyyəti nəticəlidir.
Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatlar həyata keçirilmişdir. Əvvəlki illərə nisbətən satınalma mədəniyyəti qismən formalaşmışdır. Elektron satınalmaların həcmində əhəmiyyətli dəyişikliklər var.
Lakin audit nəticələri göstərir ki, yalnız proseslərin elektronlaşması problemi tam həll etmir. Satınalan təşkilatın fəaliyyəti də mövcud problemlərin həllinə kömək etməlidir.
Sadalanan pozuntular göstərir ki, satınalma şərtlərinin manipulyasiya və təchizatçıların davranışlarının kordinasiya edilməsi halları üzrə risklər mövcuddur. Bu isə rəqabətin formal imitasiyası ilə nəticələnir, dövlət satınalmalarında qanunvericiliyə əməl edilmə şəratində isə satınalmaların səmərəliliyi üçün ehtiyaclar nəzərə alınmır və heç də həmişə ucuz qiymətlər peşəkar alışlar hesab edilə bilinməz”.
Mürtəza