Ölkədə performans auditləri hələ zəif, risk əsaslı audit modelinin isə tam formalaşmayıb. Bunu Milli Məclisinin deputatı Tahir Mirkişili bildirib.
Mirkişili qeyd edib ki, hazırda auditlərin əsas hissəsi uyğunluq auditlərindən ibarətdir və “vəsaitin səmərəli xərclənib-xərclənmədiyini qiymətləndirən performans auditləri kifayət qədər geniş tətbiq olunmur”.
Onun sözlərinə görə, risk reyestri mövcud olsa da, audit prioritetlərinin tam şəkildə risk əsaslı formalaşmadığı müşahidə edilir.
Deputat həmçinin bildirib ki, rəqəmsallaşma prosesləri başlanıb, lakin data inteqrasiyası və audit fəaliyyətinə təsir mexanizmləri barədə məlumatlar yetərli deyil.
Mirkişili “auditdən təsirə” modelinə keçidi sürətləndirməyi təklif edərək hər audit üzrə tövsiyələrin icra statusu və maliyyə təsirinin ayrıca ölçülməsini vacib sayıb.
O, performans auditlərinin payının 3 il ərzində 30 - 40%-ə çatdırılmasını, risk əsaslı planlaşdırmanın gücləndirilməsini və dövlət maliyyə sistemində data və süni intellekt əsaslı audit mexanizmlərinin tətbiqini təklif edib.
Deputat həmçinin hər il iqtisadiyyat üzrə əsas fiskal riskləri əks etdirən ayrıca hesabat hazırlanmasını təklif edib.
Gülnar Nazimqızı