AZ

Almaniyada avtomobil sürücüləri üçün vergi güzəştləri tətbiq olunacaq

Berlin, 13 aprel, AZƏRTAC

Almaniyada yanacaq qiymətlərinin yüksək olması ilə əlaqədar avtomobil sürücülərinin və iqtisadiyyatın dəstəklənməsi məqsədilə vergi güzəştləri planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, koalisiya hökumətində yer alan partiyalar Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) və Sosial Demokratlar Partiyası (SPD) benzin və dizel yanacağı üçün enerji vergisinin hər litrə görə 17 sent azaldılması barədə razılığa gəlib. Bu tədbirin ilkin mərhələdə iki ay müddətinə tətbiqi planlaşdırılır.

Federal Kansler Fridrix Merts bu addımın sürücülər və müəssisələr üçün vəziyyətin qısa müddətdə yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib. Bu tədbirlər nəticəsində əhali və biznes qurumlarının ümumilikdə 1,6 milyard avro həcmində dəstək əldə edəcəyi gözlənilir.

Koalisiya, həmçinin 2026-cı ildə işəgötürənlərin əməkdaşlara 1000 avro məbləğində vergidən azad birdəfəlik mükafat ödəməsinə icazə verilməsini planlaşdırır. Bu addımlar nəticəsində yaranacaq büdcə itkisinin kompensasiya edilməsi üçün tütün vergisinin artırılması nəzərdən keçirilir.

Bundan əlavə, Avropa Komissiyasının enerji sektorunda əlavə mənfəət vergisi ilə bağlı təşəbbüsləri də məmnunluqla qarşılanıb.

Qeyd edək ki, enerji qiymətləri ilə bağlı son bir neçə gündə koalisiya hökumətində yer alan partiyalar arasında gərgin müzakirələr aparılıb. Bu razılıq həftəsonu gecə saatlarınadək davam edən ciddi müzakirələr nəticəsində mümkün olunub.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
21
azertag.az

1Mənbələr