AZ

“Risklər artsa da, qlobal böhran qaçılmaz deyil və idarə oluna bilər” EKSPERT DANIŞDI

ain.az bildirir, Sia Az portalına istinadən.

“Rusiya–Ukrayna müharibəsi və ABŞ–İran gərginliyi fonunda enerji, iqtisadiyyat və təhlükəsizlik risklərinin eyni vaxtda üst-üstə düşməsi qlobal sistemə ciddi təzyiq yaradır. Lakin bu vəziyyət avtomatik olaraq qaçılmaz böhran demək deyil. Mövcud mərhələni daha çox “yüksək riskli qeyri-sabitlik dövrü” kimi xarakterizə etmək mümkündür”.

Bu sözləri SİA -ya açıqlamasında Lİberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, enerji sahəsində əsas risk təklifin kəskin azalması ilə bağlıdır:

”Xüsusilə neft və qaz bazarlarında hərbi eskalasiya və ya sanksiyaların sərtləşdirilməsi qiymətlərin sürətlə artmasına səbəb ola bilər. Bu isə inflyasiyanın yenidən yüksəlməsinə və onsuz da həssas olan iqtisadiyyatların daha da zəifləməsinə gətirib çıxarır. Avropada enerji mənbələrinin şaxələndirilməsi müəyyən tampon rolunu oynasa da, qlobal bazar ümumilikdə həssaslığını qoruyur.

İqtisadi müstəvidə risklər daha çox zəncirvari təsirlərlə özünü göstərir. Ticarət marşrutlarının pozulması, maliyyə bazarlarında qeyri-müəyyənliyin artması və kapital axınlarının istiqamət dəyişməsi xüsusilə inkişaf etməkdə olan ölkələr üçün ciddi çətinliklər yaradır. Yüksək borc yükünə malik iqtisadiyyatlarda faiz dərəcələrinin artması ilə enerji xərclərinin yüksəlməsi eyni vaxtda əlavə təzyiq formalaşdırır.

Təhlükəsizlik sahəsində isə risklərin kəsişməsi daha mürəkkəb xarakter daşıyır. Regional münaqişələrin genişlənmə ehtimalı, böyük güclər arasında birbaşa toqquşma riskinin aşağı olsa da mövcud qalması və hibrid təhdidlərin , kiberhücumlar, enerji infrastrukturlarına sabotaj kimi, artması ümumi qeyri-müəyyənliyi dərinləşdirir. Bu amillər investisiya qərarlarının ləngiməsinə və iqtisadi aktivliyin zəifləməsinə səbəb olur.

Bununla belə, qlobal böhranın qarşısını almaq üçün praktik mexanizmlər mövcuddur və tarixdə dəfələrlə sınaqdan keçib. Diplomatik kanalların açıq saxlanılması, vasitəçilik təşəbbüsləri və dolayı danışıqlar eskalasiyanın qarşısını almaqda mühüm rol oynayır. Enerji bazarında ehtiyatların koordinasiyalı istifadəsi və alternativ marşrutların genişləndirilməsi mümkün şokların təsirini yumşalda bilər. Maliyyə sahəsində isə mərkəzi bankların koordinasiyalı siyasəti və beynəlxalq qurumların likvidlik dəstəyi böhranların dərinləşməsinin qarşısını alan əsas alətlərdəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sia.az

2Mənbələr