ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiya və Çin Qəzzadakı soyqırıma buna görə əngəl olmurlar”
Globalinfo.az pakistanlı geosiyasi analitik, Praqada fəaliyyət göstərən Karlov Universitetinin Semiotika və Kommunikasiya Fəlsəfəsi Departamentinin fəlsəfə doktoru Şaziyə Ənvər Şima ilə müsahibəni təqdim edir:
– Şaziyə xanım, İslamabad danışıqları nəticəsiz başa çatdı. Bu nə anlama gəlir?
– Hər iki tərəf Pakistana minnətdarlıqlarını bildirdi və öz fəaliyyət planlarını bildirmədən gələcək müzakirələr üçün imkanlarını saxladılar. Cey Di Vens ABŞ tərəfinin çox sadə bir təklif təqdim etdiyini, anlaşma metodu gözlədiyini, bunun son və ən yaxşı təklifləri olduğunu deyərək salondan ayrılıb. Bu arada, Məhəmməd Bağır Qalibaf sosial media platformasında ABŞ-ın onların etimadını qazana bilmədiyini yazdı. Bu o deməkdir ki, hər iki tərəf bir-birini diqqətlə qiymətləndirdi və bir-birinin mövqeyini kifayət qədər anladılar. Artıq bu barədə aydın təsəvvürləri var.
– Bundan sonrakı gedişat necə olacaq?
– Kövrək atəşkəs rejimi, ən azı Donald Trampın Çinə səfərinə qədər qüvvədə qalacaq, bir şərtlə ki, İsrail Trampın siyasi vəziyyətini nəzərə almadan sabotaj etmək qərarına gəlməsin. Əgər İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edərsə, İran Körfəzdəki strateji yerləri hədəf alaraq və İsraili yenidən vuraraq cavab verəcək. Səudiyyə Ərəbistanı ilə bağlı məsələdə Pakistan çətin vəziyyətdə qala bilər. Pakistan İrana hücum etmək məqsədi ilə deyil, Səudiyyə Ərəbistanının mövqeyini sabitləşdirməyə kömək etmək üçün buradakı hərbi mövcudluğunu artırıb. Hesab edirəm ki, İran və Səudiyyə Ərəbistanı birbaşa münaqişədən qaçmaq üçün xeyli səy göstərəcəklər.
– Müharibənin nəticələri ilə bağlı proqnozunuz nədir?
– İrana qarşı hərbi əməliyyatlar yenidən başlayarsa, ABŞ münaqişədən nisbətən daha az alçaldıcı çıxış üçün İslamabadda əldən verdiyi son fürsətini itirəcək. İran böyük təzyiqlə üzləşmək qabiliyyətinə malikdir: Çin və Rusiyanın təzyiqi olmadığı üçün Hörmüz boğazını bağlı saxlaya bilər. Bu da ABŞ-ın hegemonluq təşəbbüsləri nəticəsində qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olan arzuolunmaz bir vəziyyətdir. Pakistanın danışıqları asanlaşdırmaq səylərində məqsəd belə bir ssenarinin qarşısını almaq olub. İndiyə qədər Pakistan bu rolu effektiv şəkildə yerinə yetirib. Lakin nəticələrin əldə olunmasını təşviq etsə də, tərəfləri məcbur edə bilməz. Vəziyyət olduqca dəyişkən və qeyri-müəyyən olaraq qalır. Yeganə uzunmüddətli həll yolu, regional maraqlı tərəflər arasında yerli əməkdaşlıq strukturu vasitəsilə sabitliyin təmin edildiyi Körfəz, Pakistan, Orta Asiya, Türkiyə və İranı əhatə edən daha geniş regional təhlükəsizlik və iqtisadi çərçivənin yaradılmasıdır.
– “İslamabad danışıqları ABŞ üçün son fürsət idi” dediniz. O zaman sual yaranır: Tramp İranı güclü bombardmanla – həyati əhəmiyyət daşıyan obyektlərin vurulması ilə hədələyib. Belə bir hücum baş verərsə, sizcə, İran yenə də geri addım atmayacaq? Hətta İrana qarşı quru əməliyyatı müzakirə olunur.
– O bunu öz daxili auditoriyası üçün, ritorik məqsədləri üçün edir. Trampın son sosial şəbəkə paylaşımı onun bu istəyinin tam sübutudur. O, hələ də yaranmış çətin vəziyyətdən daha az alçaldıcı çıxış yolu axtarır və danışıqların qapısını bağlamayıb. Hörmüz boğazını öz dəniz qüvvələri ilə bağlamaq və İranı növbəti hücumla hədələmək kimi güc taktikalarından istifadə edir. Hazırda daha az alçaldıcı bir çıxışa ehtiyacı var, çünki bundan sonra bu rüsvayçılıq daha çox görünəcək və heç kim onu gizlədə bilməz.
Şaziyə Ənvər Şima
– Analitiklər ABŞ-ın İranda əsas hədəfinin Çinlə bağlı olduğunu iddia edir. Düşünürsüz ki, Tramp bu məqsədinə çatmayacaq?
– ABŞ Çini cilovlamaq istəyir, amma bunun üçün intihar edə və qlobal iqtisadiyyatı çökdürə bilməz. Həmçinin müttəfiqləri olan Körfəz ölkələrinin iqtisadi artımını və bütün iqtisadiyyatını sabotaj edə bilməz. Buna görə də, Hörmüz boğazının daha uzun müddətə bağlanmaq ehtimalı çox azdır. Düşünmürəm ki, İsrail və Amerika hazırda ideoloji, hərbi və siyasi cəhətdən eyni mövqedədirlər. İsrail tamamilə nəzarətdən çıxıb və Vaşinqtonda bu problemin həll yolları müzakirə olunur. Beləliklə, ABŞ böyük bir bataqlıqdadır. O, hegemon və supergüc mövqeyini qorumaq istəyirdi. Amma bilir ki, nüvə hücumundan başqa İrana qarşı hər şeyi edib, lakin heç bir məqsədə çatmayıb.
– Bu prosesdə Pakistanın rolunu necə dəyərləndirərdiniz?
– Pakistan regionda İran, Türkiyə və Səudiyyə Ərəbistanı kimi müxtəlif tərəfdaşlarla yaxınlaşaraq orta səviyyəli güc kimi özünü göstərir. Pakistan Səudiyyə Ərəbistanının aktivlərini qorumaq üçün bu ölkəyə qırıcı təyyarələr göndərib. Eyni zamanda İranın maraqlarını qoruyur. Pakistan qırıcı təyyarələri İran (nümayəndə heyətinin, -red) təyyarəsini qoruyurdu. Beləliklə, Pakistan bu vəziyyətdə təhlükəsizlik təminatçısı və hər kəsin etibar edə biləcəyi, heç kimin düşmən olduğunu düşünə bilməyəcəyi bir tərəfdaş kimi hərəkət etməyə çalışır. Düşünürəm ki, bu, Pakistanın yeni doktrinasıdır və hazırda heç kim bu barədə danışmır. Amma biz bir çox cəbhədə və bir çox səviyyələrdə diplomatiya aparırıq.
Reallıq budur ki, hazırda İsraildən başqa heç kim müharibəyə başlamaq istəmir. Və bu, çox təhlükəli bir perspektivdir, çünki Körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, iqtisadiyyatlarını şaxələndirirlər, yavaş-yavaş Çin və Rusiyaya doğru meyl edirlər, onlardan hərbi texnika alırlar və gələcək təhlükəsizlikləri üçün Pakistana yönəlirlər. Yavaş-yavaş, elan etmədən, media brifinqləri vermədən vəziyyət dəyişir. Hər şey yavaş-yavaş dəyişir, amma yeni dünya nizamı artıq üfüqdədir. Təxminən on il sonra, hətta, daha tez hər şey aydın olacaq.
– Hörmüz boğazının bağlanacağı güman ki, əvvəlcədən ABŞ və İsrailə məlum idi. Yəni sizcə, bunu hesaba almayıblar?
– İran Hörmüz boğazında rüsum almaq istədiyini, Omanla öz arasında onu idarə edəcəyini desə, düşünmürəm ki, kiminsə bununla bağlı problemi olacaq. Çünki Misir Cənubi Süveyş kanalında rüsum alır. Həmçinin Türkiyə də öz ərazi sularında, daha kiçik bir keçiddə, dəniz gəmilərindən mühafizə üçün müəyyən ödəniş alır. Yeganə problem Körfəz ölkələrinin İrandan çox qorxmasıdır. Bunun tarixi kökləri var. Əgər onlar bir araya gələ bilsə, İran Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanı, Qətər və Küveytə, BƏƏ və Bəhreyni çıxmaq şərtilə, zəmanət verə bilsə, problem avtomatik olaraq həll olunacaq. O zaman bölgədə Amerika kimi bir polisə ehtiyac qalmayacaq.
– Bu proseslərə Çinin yanaşmasını necə qiymətləndirirsiniz?
– Hegemon dövlətlər həmişə imperiyalar süqut edərkən çox amansız olurlar. Çin və Rusiya sadəcə öz popkornlarını yeyərək əylənir, Amerikanın düzəldilməsi mümkün olmayan səhvlər buraxmasını izləyirlər. Onlar və inkişaf etməkdə olan güclər sadəcə bu prosesi izləyir. Rusiya və Çinin Qəzzadakı soyqırımı dayandırmaq qabiliyyəti olsa da, bunu etmədilər. Çünki köhnə dünya nizamının pozulduğunu, artıq funksional olmadığını və təklif etdikləri şeyin daha aktual və anlaşılan olduğunu görməyimizi istəyirdilər. İndi biz fərqli insanıq və Qərbin baxışı da dəyişib. Heç bir pul və ya sosial media fenomeni Avropaya və ya Amerikaya təsir edə bilməz. Siyasətin qaranlıq tərəfi də elə budur.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.