İrəvanda Rusiya vətəndaşı, “Taşir” şirkətlər qrupunun rəhbəri, milyarderçi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının izdihamlı mitinqi keçirilib. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində baş tutan bu aksiya Rusiyayönlü revanşist qüvvələrin gövdə nümayişi kimi qiymətləndirilir. Mitinq zamanı diqqətçəkən ən qalmaqallı məqam separatçıların “bayraq” adlandırdığı əski parçasının dalğalandırılması olub. Aksiyada iştirak edən erməni revanşistlər separatçı rejimin simvollarını nümayiş etdirərək sülh prosesinə qarşı çıxışlar edir və ölkədə hakimiyyət dəyişikliyi tələbini irəli sürürlər. Ekspertlər hesab edirlər ki, Moskvanın əsas namizədi hesab olunan Karapetyanın partiyası bu cür aksiyalarla həm xalqın hisslərini manipulyasiya etməyə, həm də Rusiya qarşısında öz sadiqliyini nümayiş etdirməyə çalışır. Aksiyada iştirak edənlərin sayına baxanda başlanğıc üçün kafi sayıla bilər.

Gələn ay İrəvanın qarışması, xaos ehtimalı varmı? Küçə hərəkatı ilə iqtidara gələn Paşinyan elə bu yolla da hakimiyyətdən yola salına bilərmi?
Deputat Azər Badamovun sözlərinə görə, Paşinyana əsas rəqib Samvel Karapetyandır: “Digər namizədlərin nə hörməti, nə də elektoratı var. Karapetyan iş adamıdır, Rusiyadan dəstək alır. Bu da onun seçkiqabağı təşviqat kampaniyasında imkanlarını genişləndirir. Həm də Karapetyan yeni namizəddir və insanlara vədlər verməklə tərəfdarlarını artırır. Təbii ki, verdiyi vədlər iş yerlərinin açılması, əski parçasını meydana gətizdirməklə insanların bəzi zəif nöqtələrinə təsir göstərməsi və hətta son məqamda seçicilərin pulla ələ alınması da gözləniləndir”.
A.Badamovun fikrincə, Karapetyanın baş nazir seçilməsi yekun sülh müqaviləsinin imzalanmasında suallar yarada bilər: “Təbii ki, bundan erməni xalqı əziyyət çəkəcək. Amma əsas namizəd kimi Karapetyanı yox, Paşinyanı görürəm. Paşinyan küçə hərəkatından hakimiyyətə gəldiyi kimi, bu seçkilərdə yenə də küçə hərəkatını davam etdirir. Yəni qapı-qapı gəzərək özünü ölkəsinə canı yanan sadə ermənilərdən biri kimi tqədim edir. Bu da Karapetyanın nə qədər vədlər versə də, Paşinyana insanlar arasında olan rəğbəti öldürmür”.

Deputata görə, Karapetyanın yanında olanlar Qarabağdan öz xoşu ilə getmiş ermənilər, hakimiyyət arzusunda olanlar və onların qohumlarıdır:
“Bu da meydanda bir yerdə yığılanda kütlə kimi görünsə də, ümumi seçicilərin arasında ona üstünlük yaratmır. Paşinyanın tərəfdarları isə müharibə istəməyən, sülh içində yaşamaq istəyənlərdir”. Parlamentarinin sözlərinə görə, rəy sorğularında da Paşinyan digər namizədlərdən iki dəfə səs çoxluğu ilə öndədir: “Bu da onun yenidən baş nazir seçiləcəyinə ümidləri artırır. Ermənilər başa düşürlər ki, sülh şəraitində yaşamağın alternativi yoxdur. Çünki sülh müqaviləsi paraflanandan sonra sərhəddə silahlar işləmir və müharibə riskləri minimuma enib. O cümlədən, Azərbaycanla sülhün olması Ermənistanın yollarını açır, ucuz və təhlükəsiz şəkildə idxal-ixrac həyata keçirmək imkanlarını qazandırır. Yəni ağlı başında olan ermənilər Paşinyanı dəstəkləyəcəklər”.
Cavanşir ABBASLI
Musavat.com