AZ

Depressiya xəstəlikdir?

“Depressiya nə sadəcə bir əhvaldır, nə də ağır bir xəstəlik”.

 Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, insanın yaşadığı keçici emosional çətinlik kimi ortaya çıxır, bəzən isə artıq müdaxilə tələb edən bir psixoloji vəziyyətə çevrilir:


“Hər bir insan həyatında kədər, yorğunluq, ümidsizlik hiss edə bilər. Bu, normaldır və adətən səbəbi stress, itki, yüklənmə olur. Belə hallarda insan zamanla özünə gələ bilir. Lakin depressiyanı fərqli edən odur ki, bu hisslər səbəbdən asılı olmadan uzanır və insanın həyat keyfiyyətini aşağı salmağa başlayır. Məsələ təkcə “özünü pis hiss etmək” deyil. Depressiyada insanın düşüncə tərzi dəyişir,daha çox mənfi düşünür, özünü dəyərsiz hiss edir”.

Ekspert qeyd edib ki, emosional olaraq sönüklük də yaranır:
“Yəni əvvəllər sevindiyi şeylər artıq onu sevindirmir. Davranışlarda da dəyişiklik olur. Enerjisizlik, sosial uzaqlaşma, gündəlik işlərə marağın azalması buna nümunələrdir. Burada əsas olan: müddət, dərinlik və təsirdir. Əgər bu vəziyyət qısa müddətlidirsə və insan funksionallığını qoruyursa, bu daha çox keçici haldır. Amma əgər həftələrlə davam edirsə və insanın gündəlik həyatına,işinə, münasibətlərinə, özünə münasibətinə təsir edirsə, artıq bunu depressiya kimi dəyərləndiririk”.

Psixoloq diqqətə çatdırıb ki, ona görə də depressiyaya “keçər” deyib yanaşmaq həmişə doğru deyil:
“Ən çox edilən səhvlərdən biri də insanın özünü günahlandırmasıdır. “Niyə belə hiss edirəm?”, “niyə özümü toparlaya bilmirəm?” kimi düşüncələr vəziyyəti daha da ağırlaşdırır. Halbuki bu, insanın seçimi ilə yaranan bir hal deyil. Depressiya zamanı insan çox vaxt tək qalmağa meyilli olur. Düşünür ki, onu heç kim anlamayacaq və ya hiss etdiklərini izah etmək çətindir. Amma məhz bu nöqtədə dəstək çox vacibdir. Bəzən bir insanın səni dinləməsi, mühakimə etmədən qəbul etməsi belə böyük fərq yaradır”.

Ülviyyə Ağazadənin sözlərinə görə, depressiya hər zaman eyni şiddətdə getmir:
“Bəzi günlər nisbətən yüngül keçə bilər, bu da insanda “artıq düzəldim” düşüncəsi yaradır. Lakin sonra yenidən ağırlaşma ehtimalı qalır. Bu dalğavari gediş depressiyanın tipik xüsusiyyətlərindən biridir. Burada əsas məqsəd sadəcə bu vəziyyətdən çıxmaq deyil, onu anlamaq və düzgün idarə etməyi öyrənməkdir. Çünki insan nə yaşadığını anladıqca, ona qarşı münasibəti də dəyişir. Depressiya ilə mübarizə tək aparılmalı bir proses deyil. Düzgün dəstək və yanaşma ilə bu vəziyyətdən çıxmaq mümkündür”.

Pərviz


 

Seçilən
3
hit.az

1Mənbələr