AZ

"Top ABŞ-dədir, qərarı o verəcək" -ŞƏRH

"ABŞ və İran nümayəndələri arasında İslamaabadda keçirilən görüşdə nəticə əldə olunmaması gözlənilən idi. Hər iki tərəf öz prinsipial mövqeyini ciddi şəkildə ifadə edir və Amerika Birləşmiş Ştatlarının istədiyi İranın zənginləşdirilmiş uran ehtiyatlarını tamamilə təhvil verməsidir. İran tərəfi bunu qəbul etmir və ABŞ-nin qoyduğu bütün sanksiyaları ləğv etməsini, eyni zamanda İrana hücum zamanı İrana dəyən zərərin kompensasiya edilməsini tələb edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev ABŞ və İran nümayəndələri arasında İslamabadda keçirilən görüşün nəticəsiz yekunlaşmasından danışarkən bildirdi.

"Bu, bir görüşdə əldə ediləcək razılaşma deyil. Bunun üçün bir işçi qrupu yaradılmalı və işçi qrupu ümumi mexanizmi hazırlamalıdır. Bundan sonra tərəflərin arasında görüş keçirilərək ümumi nəticə əldə edilə bilər. Deyərdim ki, 40 ildən çox vaxtdan sonra İran və ABŞ arasında ilk birbaşa danışıqlar idi. Bundan əvvəlki danışıqlar, bildiyim qədərilə, İranın ilk prezidenti Əbülhəsən Bənisədrin dövründə həyata keçirilmişdi. Burada da əsas məsələ İranda tələbələr tərəfindən əsir götürülmüş ABŞ səfirliyinin işçilərinin evakuasiyası idi. Yəni onların qaytarılması məsələsi idi", - deyə o xatırlatdı.

Həmsöhbətimiz vurğuladı ki, İslamabad görüşü kifayət qədər gərgin atmosferdə keçib:

"Bundan sonrakı proseslər, gedişat onu göstərir ki, top ABŞ-dədir, qərarı o verəcək. Əgər ABŞ yenidən İsraillə birlikdə İrana hücumu bərpa edərsə, müharibə başlayacaq və danışıqlar tamamilə dayandırılacaq. Yox, əgər danışıqların aparılması barədə ümumi bir razılıq əldə olunarsa, bu proses əlbəttə ki, davam edəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr