Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Həyatınızın məsuliyyətini tam olaraq öz üzərinizə götürdüyünüz və ailənizi günahlandırmağı dayandırdığınız anda həqiqi yetkinlik başlayır. Şəxsi inkişaf prosesi xarici mənbələrdən asılılığı dayandırıb öz intizamınızı qurmaq və qərarlarınızın məsuliyyətini daşımaqla mümkündür. Türk akademik həkim və yazar Acar Baltaş bildirib ki, uşaqlıq insanın ana-atanın ehtiyaclarını qarşılaya bilməyəcəyini anladığı zaman başa çatır.
Psixoloq Aygül Məlikova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, emosional inkişafın dəstəklənmədiyi bir yerdə böyüməkdən söhbət gedə bilməz: “Təbii ki, ana-ata uşağın ehtiyaclarını durmadan qarşılayırsa, onun əvəzindən qərar verirsə, yaxud uşağın edə biləcəyi işləri valideynlər öz üzərinə götürürsə, nəinki yeniyetməlik yetişmir, bu insan ümumiyyətlə böyüyəndə normal həyatında öz qərarlarını verə bilməyən, öz ayaqları üstündə dura bilməyən, daimi birilərinin dəstəyinə ehtiyac duyan bir insana, bir şəxsiyyətə çevrilir. Beləliklə həyatda uğursuzluğun təməli də bu şəkildə qoyulur. Valideynlər uşağın həyatına təbii ki, müəyyən məqamlarda müdaxilələr etməlidir. Amma bu müdaxilələr əxlaqi, tərbiyəvi yönümlərdə olanda, daha yaxşı verimli nəticə göstərir. Yox, əgər məsələn, məktəbə gedən uşağın çantasını valideyn daşıyırsa, yaxud uşaq 8-9-10-11 yaşına çatmasına baxmayaraq hələ də valideyn tərəfindən çimizdirilir, yeməyi yedizdirilir, paltarları geyindirilir, hətta harada oturacağına, nə deyəcəyinə, necə davranacağına, kiminlə dostluq edib-etməyəcəyinə daim müdaxilə olunursa, bu halda uşaq öz şəxsiyyətini inkişaf etdirə bilmir və yetkinliyə keçid prosesi baş tutmur. Nəticədə emosional inkişaf da kifayət qədər dəstəklənmir”.
“Bilindiyi üzrə zəkanın 7 göstəricisi var: Bunlardan biri də emosional zəkadır. Emosional zəka bizim daxili ruh yaşımızı təyin edir. Yəni intellektual inkişafımız, akademik inkişafımız dəstəklənsə də, təəssüflər olsun ki, emosional inkişaf dəstəklənmir. Emosional inkişafın dəstəklənmədiyi bir yerdə böyüməkdən söhbət gedə bilməz. Belə olan təqdirdə təbii ki, istər iş, istər təhsil, istər ailə həyatında, artıq uğursuz, sözünü deyə bilməyən qərarını verə bilməyən, harda necə davranacağını bilməyən və başqalarının fikrindən, düşüncəsindən, qərarından asılı vəziyyətə dönmüş bir şəxs yaranmış olur. Bu şəxs də artıq öz məsuliyyətlərini dərk edə bilmir, məsuliyyətlərinin qarşısında qərar verə bilməyən bir şəxs bir başqasının məsuliyyətini də götürə bilmədiyi üçün sözü keçməyən, tanınmayan birinə çevrilir. Belə bir insanın yanında böyüyən uşaq da eyni xarakterə sahib olur və yetərsizlik hissi ilə həyatını davam etdirmiş olur.
Bir sözlə valideynlərin uşağın həyatında, inkişafında, formalaşmasında rolu təbii ki, çox böyükdür. Amma bu o demək deyil ki, uşağın sosial, şəxsi bacarıqlarını və işini valideyn öz məsuliyyəti üzərinə götürməlidir”, - deyə Aygül Məlikova vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.