AZ

Kollektorların üzərindəki sənədli evlər: Təhlükəlidirsə, kim göz yumub?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər yağan güclü yağışlar paytaxtda bir sıra fəsadlara yol açdı.

Bir sıra ərazilər sulara qərq olmaqla yanaşı, hətta yollarda sürüşmələrə səbəb oldu. Hətta bəzi ərazilərdəki evləri su basması əhalinin həmin evlərdən təxliyə edilməsi ilə nəticələndi.

Həmin ərazilərdə suyun toplanması isə əsasən evlərin kollektorların üzərində tikilməsi ilə əlaqələndirilir və hətta Keşlə qəsəbəsində məhz bu məqsədlə bir ev sökülüb.

Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib ki, əgər Keşlədəki həmin evi görmüsünüzsə, onun bitişiyində yerləşən evlər də əslində həmin kollektorun mühafizə zonasında yerləşir:

“Çünki kollektorların istismarı və mümkün müdaxilələr üçün texnikanın həmin əraziyə daxil olması tələb olunur. Məsələn, həmin kollektor təxminən 9 metr dərinlikdən keçir. Bu isə o deməkdir ki, orada qazıntı aparmaq üçün daha geniş əraziyə ehtiyac yaranır.

Yəni 9 metr dərinlikdə kotlavan qazılması üçün texnikanın işləyə biləcəyi daha geniş sahə tələb olunur. Buna görə də kollektorların mühafizə zonası əslində daha geniş olur və kollektorun diametrindən asılı olaraq bu zona 10, 15, hətta 20 metrə qədər uzana bilər.

Bu evlərin bir qismi vaxtilə tikilib. Onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur”.

Qeyd edək ki, bu gün paytaxtda sənədsiz kifayət qədər daşınmaz əmlak var. Sənədsiz evlər vətəndaşın günahıdırsa, “kupça” verəndə həmin ərazinin mühafizə zonası olduğuna müvafiq qurumlar nəzarət etmirdimi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, sənədsiz evlər yalnız vətəndaşın günahı deyil:

“Dövlət orqanları əgər onun tikilməsinə göz yumublarsa, onlar da günahkardır. Əgər sənədsiz evlərə kommunal xidmətlər göstərilirsə, işıq, qaz, su çəkilirsə, dövlət həmin evlərə sayğac qoyursa və onun pulunu alırsa, demək mülkiyyət hüququnu qismən tanımış olur. 

Avropa Məhkəməsinin də bununla bağlı qərarı var. Belə ki, əgər kommunal xidmətlər göstərilirsə və dövlət bunun üçün vəsait alırsa, bu mülkiyyət hüququnun qismən tanınması deməkdir.

Ona görə də də sənədsiz evlər məsələsi birdəfəlik həllini tapmalıdır və “əmlak amnistiyası” elan edilməlidir. Nəticə etibarilə həm vətəndaşın, həm də dövlətin birgə xeyrinə olan qərarlar alınmalıdır.

Çünki yarım milyona yaxın insanın evi sənədsizdirsə, bu yalnız vətəndaşın günahı ola bilməz. Bu, əlaqədar dövlət qurumlarının da günahıdır”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

evlər Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr