AZ

Macarıstanın qalib liderinin adı necə yazılmalıdır? – “Magyar”, yoxsa “Macar”?

Xəbər verdiyimiz kimi, ötən gün Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi həyatında ciddi dönüş nöqtəsi oldu. Seçkilər müxalif “Tisza”nın qələbəsi ilə yekunlaşdı və bununla da baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyuldu. “Sayğı və Azadlıq Partiyası” kimi təqdim olunan “Tisza” parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına hökumət qurmaq imkanı əldə edib. Partiyanın lideri Peter Magyar isə hazırda Avropanın diqqət mərkəzindədir.

Lakin Azərbaycanda bu siyasi hadisə ilə yanaşı, maraqlı bir müzakirə də gündəmə gəlib: Peter Magyarın adı Azərbaycan dilində necə yazılmalıdır?
“Magyar”, yoxsa “Macar”?

Məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Mövzuya aydınlıq gətirmək üçün süni intellekt platformasına müraciət etdik.

Verilən cavaba görə, iki əsas yanaşma var: Birinci yanaşma – orijinala sadiqlik:

Peter Magyar - Bu halda soyad dəyişdirilmir və beynəlxalq praktikaya uyğunluq qorunur. İkinci yanaşma – azərbaycanlaşdırma: Peter Macar. Lakin bu variant müasir jurnalistikada geniş istifadə olunmur və şəxsin rəsmi soyadının dəyişdirilməsi kimi qiymətləndirilir.

Eyni zamanda “Magyar - Macar” məntiqi ilə “Macarıstan”ın “Magyarıstan” kimi yazılması arqumenti də irəli sürülür. Ancaq bu yanaşma tam əsaslı sayılmır. Çünki “Macarıstan” artıq oturuşmuş coğrafi addır, şəxsi adlar isə adətən dəyişdirilmir. Məsələn, Angela Merkel adı dəyişdirilmədiyi halda, Germany ölkəsi Azərbaycan dilində Almaniya kimi işlədilir.

Rəşad Məcid: “Ən düzgün variant Peter Macardır”

Mətbuat Şurasının sədri Rəşad Məcid isə fərqli mövqe sərgiləyir. O bildirir ki, soyad Azərbaycan dilinə uyğunlaşdırılmalıdır:

“Macar dilində “gy” səsi Azərbaycan dilində “c” kimi tələffüz olunur. Buna görə də “Peter Macar” ən düzgün variantdır. Əks halda gərək “magyar”, “Magyarıstan” deyək”.

Qulu Məhərrəmli: “Fonetik prinsip əsas götürülməlidir”

Tanınmış jurnalist və professor Qulu Məhərrəmli isə daha çox fonetik yanaşmanı müdafiə edir. O bildirir ki, əsas prinsip səslənişdir:

“Xarici adlar necə tələffüz olunursa, o şəkildə də yazılmalıdır. Bu, bütün dillər üçün keçərlidir. Yazılışdan çox səsləniş əsas götürülməlidir. Əks halda eyni ad müxtəlif formalarda yazılır və bu da qarışıqlıq yaradır”.

Onun fikrincə, vahid qayda tətbiq olunmalı və bütün media qurumları bu qaydaya əməl etməlidir.

Vasif Sadıqlı: “Bu problem illərdir həll olunmur”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı isə problemin daha geniş olduğunu deyir. Onun sözlərinə görə, bu cür qarışıqlıq təkcə bu adla bağlı deyil:

“Əcnəbi şəxs adlarının fərqli yazılışı ilə bağlı problemlər çoxdandır ki, mövcuddur. Bəlkə iyirmi il əvvəl Çinin Azərbaycandakı səfiri, ondan bir xeyli sonra isə ABŞ-nin ölkəmizdəki səfiri xanım Enn Dörsinin ad və soyadının fərqli yazılması səfirlərin özlərinin də açıqlama verməsi ilə nəticələnmişdi. Təəssüf ki, deyilən problem elə indi də var. Türkiyədə işlənən şəxs adlarının həm mənbə dildə olduğu kimi, həm də Azərbaycandakı qarşılığı kimi işlənməsi xüsusilə diqqəti cəlb edir. Məsələn, Nobel mükafatı laureatı Əziz Səncərin adı-soyadı ən populyar saytlarda “bütün mümkün variantlarda” yazılır: Əziz Səncər (president.az), Əziz Sancar (AzərTAc), Aziz Sancar (APA).

Türkiyənin vitse-prezidenti Fuat Oktayın ad-soyadının yazılışında saytlar arasında “konsensus” var – Türkiyədəki kimi yazılır. Hər iki ad Azərbaycanda şəxs adı kimi işlənildiyi halda, onların Türkiyə orfoqrafiyası ilə yazılması təəccüblüdür. Bəzən eyni adın eyni saytda iki cür yazılması hallarına da rast gəlirik:

“Sentyabrın 14-də Bakıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimi keçirilib (AzərTAc, 14 sentyabr 2022 ), “Türkiyənin səhiyyə naziri Fahrettin Koca…” (AzərTAc, 14 oktyabr 2022).

Məlumdur ki, şəxs adları obyekti başqalarından fərqləndirməyə xidmət edən və identikləşdirən sözlərə deyilir. Başqa sözlə, şəxs adları fərdiləşdirici nominasiya funksiyasını yerinə yetirir. Ona görə də bəzi ümumi isimlərdən fərqli olaraq, onların bir neçə variantda yazılması doğru deyil. Xüsusən ölkənin yuxarıda sadalanan mötəbər resurslarındakı eyni adın və soyadın fərqli şəkildə yazılması çaşqınlıq yaratmaqla yanaşı ictimai məyusluq doğurur”.

Vasif Sadıqlı deyir ki, bu, sırf transliterasiya problemidir və Azərbaycanda bu sahədə qaydalar hazırlanmayıb:

“Halbuki belə qaydalar olmalıdır və vahid şəkildə tətbiq edilməlidir. İndiyə qədər tez-tez deyilir ki, xüsusi adlar üçün lüğətlər hazırlanacaq, amma bu iş tam şəkildə həyata keçirilməyib. Problem təkcə şəxs adlarında deyil, coğrafi adlarda da mövcuddur. Məsələn, bəzi şəhər adları rəsmi mətbuatda belə müxtəlif cür yazılır. Keçmişdə müəyyən ənənə var idi: əgər bir adın Azərbaycan dilində qəbul olunmuş forması mövcuddursa, həmin forma işlədilirdi. Məsələn, Aziz Nesin adı bu şəkildə yazılırdı. Amma yeni adlar ortaya çıxanda artıq bəzən orijinal formaya yaxın yazılış seçilir. Bu isə yenə də qarışıqlıq yaradır, çünki vahid prinsip yoxdur. Digər dillərdə isə bu məsələlər çoxdan həll edilib. Məsələn, ingilis və rus dillərində transliterasiya qaydaları dəqiq müəyyənləşdirilib və insanlar hər dəfə ayrıca araşdırma aparmalı olmur.

Bizdə isə bir adı yazmaq üçün ayrıca mənbələrə baxmaq, müxtəlif variantları müqayisə etmək lazım gəlir. Nəticə olaraq, çıxış yolu iki istiqamətdə görülür: ya ən çox işlənən şəxs adları üçün xüsusi lüğət hazırlanmalıdır, ya da ümumi və aydın transliterasiya qaydaları sistemli şəkildə tərtib olunmalıdır. Hazırda coğrafi adlar üzrə müəyyən işlər görülsə də, şəxs adları ilə bağlı belə bir lüğət demək olar ki, yoxdur. Buna görə də hər kəs adları öz bildiyi kimi yazır və bu da vahidlik problemini daha da dərinləşdirir”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoylu isə daha praqmatik yanaşma təklif edir. Onun sözlərinə görə, mənbəyə baxaraq və fonetik prinsipi əsas götürərək uyğunlaşdırma aparmaq mümkündür.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr