Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Musavat.com xəbər verir ki, iclasda Azərbaycanda vergi və məhkəmə praktikasına birbaşa təsir edəcək mühüm qərar qəbul edilib. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi “hüquqi şəxsin icra orqanının rəhbəri” dedikdə kimin nəzərdə tutulması sualına aydınlıq gətirməli idi. Bu sual xüsusilə vergi borcları və məhkəmə qərarlarının icrası zamanı ciddi problemlər yaradırdı. Azərbaycanda illərdir davam edən bir “klassik oyun” vardı - şirkət var, fəaliyyət var, qazanc var… amma məsuliyyətə gələndə hamı geri çəkilir. Vergi borcu yaranır, şirkətin sahibi də, direktoru da yaxasını kənara çəkib “bu, mənlik deyil” deyirdi. Məhkəmə qərarı çıxırdı, yenə də “mən icra orqanı deyiləm” söhbəti ilə faktiki olaraq qərarın icrası baş tutmurdu. Və nəticədə dövlət də, vətəndaş da ortada qalırdı. Konstitusiya Məhkəməsi məhz bu hüquqi xaosa son qoyacaq mühüm qərar qəbul edib.
Məsələ burasındadır ki, kağız üzərində cavab sadədir – baş direktor. Amma real həyatda vəziyyət tam fərqlidir. Şirkətin baş ofisi xaricdə yerləşir, Azərbaycanda isə filial və nümayəndəlik fəaliyyət göstərir.
Yerli rəhbərlər faktiki idarə edən şəxslərdir. Amma məsuliyyət məsələsi gündəmə gələndə filial rəhbəri qərar verən şəxs olmadığını deyib yaxasını kənara çəkir. Baş ofis bütün məsuliyyəti yerli strukturun üzərinə atıb kənarda dayanır. Nəticədə məsuliyyət məsələsini aydınlaşdırmaq mümkünsüz hala gəlirdi. Ortada olan vergi borcunu da ödəyən tapılmır, xarici şirkətin Azərbaycandakı filialı böyük məbləğdə vergi borcu yığmaqda davam edirdi. Vergi xidməti vergi borcunu nə icraçıdan, nə də şirkət sahibindən ala bilmirdi. Və ya məhkəmə qərar çıxarır, şirkətin vətəndaşa pul ödəməli olmasını müəyyən edir. İcra məmuru filial rəhbərinə müraciət edir. Cavab “mən hüquqi şəxsin rəhbəri deyiləm”dən ibarət olur. Əsas direktor isə ölkədən kənardadır, əlçatmazdır. Beləcə, məhkəmənin çıxardığı qərar kağız üzərində qalır. Bəzi hallarda isə daha təhlükəli mexanizm işləyirdi. Sənəddə bir nəfər direktor kimi göstərilir, real idarəetmə isə başqa şəxsin əlində olur. Hər hansı bir problem yarananda formal direktor deyir “mən heç nə bilmirəm” deyir, real idarəçi isə ümumiyyətlə məsuliyyətdən yayınır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi çıxardığı qərarla “İcra orqanının rəhbəri” anlayışı geniş şərh edilməklə bu qarışıqlığa nöqtə qoyub. Xarici şirkətlərin filial və nümayəndəlik rəhbərləri də bu kateqoriyaya daxil edilib. Bu isə o deməkdir ki, artıq “mən sadəcə filial rəhbəriyəm” arqumenti keçmir. Amma bir şərtlə, Konstitusiya Məhkəməsinin qərarında açıq şəkildə göstərilir ki, hüquqi balans qorunmalıdır. Məhkəmə eyni zamanda vacib xəbərdarlıq edir - heç kim avtomatik cəzalandırıla bilməz! Bunun üçün vergidən yayınmaya dair ilkin sübutlar olmalıdır. Daha yumşaq tədbirlər mümkündürsə, əvvəl onlar tətbiq edilməlidir. Məhdudiyyətlər proporsional olmalıdır. Yəni məqsəd cəzalandırmaq yox, ədalətli məsuliyyət yaratmaqdır.
Bu qərar xarici şirkətlərin yerli rəhbərlərinə, filial direktorlarına, adı direktor, özü kənarda olan şəxslərə aiddir. Artıq məsuliyyətdən yayınmaq mexanizmi daralıb, oyun qaydaları dəyişib. Konstitusiya Məhkəməsinin qərarı hüquqi izah olmaqdan daha çox Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlərə açıq mesajdır – Azərbaycanda fəaliyyətin varsa, məsuliyyət də daşıyacaqsan. İdarə edirsənsə, cavab verəcəksən!
E.Məmmədəliyev,
Musavat.com