Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, mədə-bağırsaq sistemi ilə bağlı ən çox rast gəlinən şikayətlərdən biri köp (meteorizm) problemidir. Bir çox hallarda sadə qidalanma vərdişlərindən qaynaqlansa da, bəzən daha ciddi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər.
Tibbi ekspert Rasif Bağırov QHT.az-a açıqlamasında bağırsaqlarda köpün yaranmasının müxtəlif səbəblərlə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, bu problem həm ciddi xəstəliklərin, həm də sadə fizioloji proseslərin nəticəsi ola bilər.
R.Bağırovun sözlərinə görə, köp anlayışı ümumi bir simptom kimi qiymətləndirilməlidir və onun səbəbini müəyyən etmək üçün mədə-bağırsaq sisteminin bütünlüklə araşdırılması vacibdir. "İlk növbədə xəstənin mədəsinin vəziyyəti, qaraciyər və mədəaltı vəzin funksiyası yoxlanılmalıdır".
Rasif Bağırov bildirib ki, bağırsaqlarda fermentasiya səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin qəbizliyin olub-olmamasının dəqiqləşdirilməsi mühüm əhəmiyyət daşıyır və bu amillərin hər biri köpün əmələ gəlməsində rol oynayır.
Ekspert vurğulayıb ki, bəzi hallarda qurd invaziyaları da bu problemin yaranmasına səbəb ola bilər. “Bağırsaqlarda çox ciddi xəstəliklərdən tutmuş çox sadə proseslərə qədər bütün hallar köpün yaranmasına səbəb ola bilər” – deyə o qeyd edib.
R.Bağırov əlavə edib ki, köp problemini yalnız bir dərman vasitəsilə aradan qaldırmaq hər zaman mümkün olmur. “Köpü bir dərman yazmaqla həll etmək çətin məsələdir, əvvəlcə bütün prosedurlar aparılıb səbəb dəqiqləşdirilməlidir” – deyə ekspert bildirib.
Onun sözlərinə görə, problemin əsas səbəbi müəyyən edildikdən sonra məhz həmin prosesin müalicəsinə başlanılmalı və yalnız bu halda effektiv nəticə əldə etmək mümkündür.
Fatimə Nəbiyeva