AZ

Gender bərabərliyi sahəsində ölkənin göstəricisinin yüksəlməsi daha böyük irəliləyişlər üçün əsas yaradır ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər ölkəmizdə hüquqi bazanın daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, sözügedən qanun layihəsi Azərbaycan Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir. Onun sözlərinə görə, layihə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan genişmiqyaslı hüquqi araşdırmaların nəticəsidir və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.

“Dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və xüsusilə işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib. Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə tam cavab verir və Azərbaycanın bu sahədə öhdəliklərinə uyğun şəkildə hazırlanıb. Həmçinin Azərbaycan BMT çərçivəsində qəbul olunan Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq gender bərabərliyi istiqamətində mühüm addımlar atıb. Bu məqsədlərin həyata keçirilməsi üçün milli səviyyədə koordinasiya mexanizmləri yaradılıb və müxtəlif dövlət proqramları həmin hədəflərlə uzlaşdırılıb. Dünya Bankı tərəfindən dərc edilən “Qadınlar, biznes və hüquq” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkədə aparılan islahatların nəticəsidir. Bu sahədə son illərdə ölkənin göstəricisinin yüksəlməsi gələcəkdə daha böyük irəliləyişlər üçün əsas yaradır”, - deyə deputat vurğulayıb.

Könül Nurullayeva diqqətə çatdırıb ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin edilməsi və ailə-məşğulluq balansının qorunması istiqamətində əlavə addımların atılması da mümkündür. “Yeni dəyişikliklərin tətbiqinə nəzarət mexanizmləri gücləndirilməli, əməyin obyektiv qiymətləndirilməsi sistemi təkmilləşdirilməlidir. Gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün “gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi və “xüsusi tədbirlər” anlayışının daha konkret tənzimlənməsi də vacibdir. Bu addımlar qəbul ediləcək qərarların daha əsaslandırılmış və səmərəli olmasına imkan yaradacaq”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
6
azertag.az

7Mənbələr