Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 11-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümü üzrə II dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, liqanın A qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşması olub, oyun 2:1 hesabı ilə başa çatıb.
Daha sonra İdman Akademiyasının komandası Texniki Universitetin komandasına 3:0 hesabı ilə qalib gəlib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Memarlıq və İnşaat Universitetinin komandalarının oyunu məhsuldar heç-heçə ilə bitib - 4:4.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 14 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, həmçinin tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.