Bakı, 13 aprel, AZƏRTAC
Sakit Okeanda tüğyan edən “Maila” siklonu Papua-Yeni Qvineyada daşqın və torpaq sürüşmələrinə səbəb olub, azı 11 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətdən ən çox Bougainville bölgəsinə zərər dəyib. Gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində bir ev torpaq altında qalıb, 8 nəfər həlak olub. Hadisə bir neçə gün əvvəl baş versə də, məlumat yeni açıqlanıb.
Siklon nəticəsində çox sayda sakin evsiz qalıb, yollar və körpülər dağılıb, ərzaq təchizatında fasilələr yaranıb.
Qasırğa, həmçinin Solomon adalarına da ciddi ziyan vurub. Meteoroloqlar hazırda siklonun gücünün zəiflədiyini bildirirlər.