AZ

Buraxılış imtahanlarında bir fənn çətin, digəri asan salınır ETİRAZ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Aprelin 12-də lX illik orta təhsil səviyyəsi üzrə bu ilin ilk buraxılış imtahanı keçirilib. Belə ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdlərini əhatə edib. Maraqlıdır, son imtahan əvvəlki mərhələlərdə keçirilən buraxılış imtahanları ilə müqayisədə çətinlik səviyyəsinə görə necə qiymətləndirilir?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev xatırladıb ki, IX siniflər üzrə buraxılış imtahanlarının üç zona üzrə keçirilməsi planlaşdırılıb və artıq onların ikisi baş tutub.

"Birinci zonada müşahidə olunan səviyyə, təxminən, ikinci zonada da təkrarlanıb. Fənn müəllimlərinin qeydlərinə əsasən, ingilis dili fənni nisbətən asan, ana dili orta, riyaziyyat isə çətin olub. Hesab edirəm ki, ümumilikdə buraxılış imtahanlarında suallar bu qədər çətin olmamalıdır. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda bir fənnin asan, digərinin isə çətin salınması müəyyən suallar doğurur və bu məsələ üzərində düşünmək lazımdır. Xüsusilə, riyaziyyat fənni üzrə sualları hazırlayan mütəxəssislər daha diqqətli olmalıdırlar.

Nəzərə almaq lazımdır ki, bu, qəbul yox, buraxılış imtahanıdır. Buraxılış imtahanında iştirak edən bütün şagirdlər ali təhsil müəssisələrinə və ya kolleclərə müraciət etmirlər. Kollecə müraciət edənlərin də hamısı riyaziyyat yönümlü ixtisaslara üstünlük vermir. Onların arasında musiqi, dizayn, idman kimi sahələri seçənlər də var. Belə olan halda, həmin istiqamətlər üzrə davam edəcək şagirdlər üçün riyaziyyatın həddindən artıq çətin salınması məqsədəuyğun deyil.

Bu yanaşma 11-ci siniflərə də aiddir. Məsələn, beşinci ixtisas qrupuna daxil olan musiqi, dizayn və idman sahələri üzrə təhsil almaq istəyənlər üçün riyaziyyatın ağırlaşdırılması düzgün hesab edilmir. Çünki ixtisaslaşma blok imtahanları vasitəsilə müəyyən olunur və həmin mərhələdə uyğun fənlər üzrə çətinlik səviyyəsinin artırılması mümkündür. Birinci və ikinci qruplarda riyaziyyatın, üçüncü və dördüncü qruplarda isə tarix fənninin daha mürəkkəb olması məntiqlidir. Lakin buraxılış imtahanında bütün şagirdlər iştirak edir. Onların arasında yalnız attestat almaq istəyənlər, xaricdə təhsil planlaşdıranlar və ya ümumiyyətlə ali təhsilə müraciət etməyənlər də var. Bu baxımdan, belə şagirdlər üçün riyaziyyat fənninin çətin salınmasının mənası yoxdur".

Ekspert həmçinin vurğulayıb ki, son iki ildə buraxılış imtahanları daha balanslı və keçid baxımından rahat idi.

"Lakin bu il riyaziyyatın çətin salınması ictimaiyyətdə narahatlıq yaradıb və tənqidlərə səbəb olub. Bu isə qurumun imicinə də müəyyən mənada təsir göstərir. Qeyd etmək lazımdır ki, ingilis dili fənni üzrə indiyədək ciddi problem müşahidə olunmayıb. Azərbaycan dili fənni üzrə əvvəlki illərdə müəyyən çətinliklər olsa da, son imtahanlarda bu problemlər aradan qalxıb və suallar orta səviyyədə təqdim olunur. Riyaziyyat üzrə isə çətinlik səviyyəsi dəyişməz olaraq qalır.

Bu səbəbdən hesab edirəm ki, ya riyaziyyat üzrə sualları hazırlayan müəllimlərə müəyyən xəbərdarlıqlar edilməli, ya da bu sahədə dəyişikliklər aparılmalıdır. Xarici imtahan modellərindən istifadə olunsa belə, sualların çətinliyi artırılmamalı, əksinə, buraxılış imtahanının mahiyyətinə uyğun olaraq daha sadə formada təqdim edilməlidir. Çünki bu imtahanın adı buraxılışdır və məqsəd şagirdlərin ümumi bilik səviyyəsini yoxlamaqdır. Qəbul imtahanlarında çətinlik müəyyən qədər anlaşılandır, lakin buraxılış imtahanında bu cür yanaşma qəbuledilməzdir. Hesab edirəm ki, bu istiqamətdə müvafiq addımlar atılmalıdır", - deyə R.Nurəliyev bildirib. 

Təhsil eksperti Elçin Əfəndi isə sualların çətinliyi ilə bağlı səsləndirilən fikirlərə belə aydınlıq gətirib:

"Birinci istiqamətlə müqayisədə ikinci istiqamətin daha çətin olması ilə bağlı iddiaları qəbul etmirik. Gözləntimiz ondan ibarətdir ki, builki buraxılış imtahanlarında nəticələr və median göstəricilər ötən illərlə müqayisədə bir qədər yüksək olacaq. Bu isə doqquzillik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı formalaşacaq keçid ballarına müəyyən təsir göstərə bilər.

Növbəti imtahan 26 aprel tarixində keçiriləcək. Bundan sonra əvvəlki illərin məzunları üçün may ayında əlavə imtahan təşkil olunacaq. Bütün imtahan mərhələləri başa çatdıqdan sonra qəbul imtahanları keçiriləcək, iyulun sonu - avqustun əvvəlində isə kolleclərə qəbul üzrə müsabiqə prosesinə start veriləcək. Ümumi nəticələr üzrə ciddi mənfi göstəricilər yoxdur, əksinə, müsbət dinamika müşahidə olunur. Daha konkret məlumatları isə nəticələr elan olunduqdan sonra əldə edəcəyik", - deyə ekspert fikrini tamamlayıb. 

Qeyd edək ki, ilkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq. Aprelin 13-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.      

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
modern.az

1Mənbələr