AZ

Yağışı da müharibə yağdırır?

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar müşahidə edilən intensiv yağıntılar nə ilə əlaqəlidir?

Son illərdə Azərbaycanda yağıntıların miqdarı ilə bağlı müşahidələr göstərir ki, hava şəraiti daha qeyri-sabit və intensiv xarakter alıb, bəzi illərdə isə rekord səviyyəli yağışlar qeydə alınıb. Rəsmi iqlim məlumatlarına əsasən, ölkə üzrə illik orta yağıntı təxminən 450–500 mm civarındadır. 

Lakin son illərdə bu göstərici dalğalanaraq dəyişib. Məsələn, 2023-cü ildə yağıntı 494 mm, 2024-cü ildə isə artaraq 627 mm səviyyəsinə yüksəlib və bu, son illərin ən yüksək göstəricilərindən biri olub. Eyni zamanda, 2025–2026-cı illərdə ölkədə ayrı-ayrı dövrlərdə güclü yağıntılar və normadan xeyli artıq yağışlar müşahidə edilib. 

Xüsusilə 2026-cı ilin mart ayında Bakı və Abşeron ərazisində yağış miqdarı aylıq normanın 195–247%-nə çataraq son onilliklərin ən intensiv yağış hadisələrindən birini yaradıb. 

Ümumilikdə nəticə olaraq qeyd olunur ki, son illərdə Azərbaycanda yağışların ümumi trendi sabit deyil, lakin 2024–2026-cı illərdə intensiv və normadan artıq yağıntıların artdığı dövrlər xüsusilə diqqət çəkir. 

Bəs son vaxtlarda müşahidə edilən güclü yağıntılar nə ilə əlaqəlidir? 

Biosfer İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda tək son illərdə yox, hər zaman intensiv yağıntılı dövrlər olub: 

“Mart, aprel, bəzən may aylarında da ölkə ərazisində normal olaraq yağış yağır. Bakı və Abşeron ərazisində yağıntının illik miqdarı yüksək deyil, çünki bu ərazi yarımsəhra tipli ərazidir və burada çox yağıntılı dövr olmur. Azərbaycanda yağıntı dövrü adətən payız–qış aylarında təkrarlanır. 

Bu, intensiv yağış deyil, sadəcə Bakı şəhərində təsərrüfatın və şəhər infrastrukturunun düzgün qurulmaması səbəbindən yağış sularının çəkilməməsi nəticəsində yaranan vəziyyətdir. Əgər belə yağışlar iyul, avqust və sentyabr aylarında yağsa, bu zaman intensiv yağıntılar və normanı aşan yağışlar hesab oluna bilər. 

Alimlərin hesablamalarına görə, iqlim dəyişikliyi fonunda 1.5 dərəcə istiləşmə hiss olunur. Bunun isə hazırkı yağıntılarla birbaşa əlaqəsi yoxdur”. 

Ekoloq bildirir ki, bölgədə baş verən müharibə və hava hücumları iqlimə müəyyən dərəcədə təsir edə bilər:

“Lakin bizim ölkədə yağan yağışlara bunun heç bir təsiri yoxdur. Müharibənin həm insanların sağlamlığına, həm də maddi durumuna ciddi təsiri var. Qonşu ölkədə baş verən hər hansı hadisə bizi narahat edir”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

 

Açar sözlər:

yağış Qorxmaz İbrahimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr