AZ

"Bizi sağmağı dayandırın!" - Latviyalılardan "Bolt"a qarşı etiraz

Bazar ertəsi Latviyanın paytaxtı Riqada bir neçə yüz taksi sürücüsü "Bolt" şirkətinin siyasətinə qarşı etiraz aksiyası keçirir.

Ölkə.Az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Aksiya iştirakçıları avtomobillərini Latviya bayraqları və "Biz qul deyilik", "Bolt"suz 24 saat", "Bizsiz bacarmazsınız", "Bizi sağmağı dayandırın!" şüarları yazılmış plakatlarla bəzəyiblər. Bəzi maşınların üzərinə şirkətin üzərindən xətt çəkilmiş loqosu da vurulub.

Taksi sürücülərinin etirazları eyni vaxtda Dauqavpils və Yelqavada da keçirilir.

Aksiya Zakyusala küçəsində başlayıb, daha sonra polisin müşayiəti ilə Riqanın küçələri boyunca etiraz yürüşü planlaşdırılıb. Marşruta şəhərin əsas magistralları, o cümlədən "Bolt Operations"ın inzibati binasına gedən yol daxildir.

Təşkilatçılar bir neçə sahə birliyi və taksi sürücüləri həmkarlar ittifaqlarıdır. Onlar bildirirlər ki, etiraz bir platformanın dominantlığına, qiymət siyasətinə, komissiya və tariflərin tənzimlənməsindəki çatışmazlıqlara qarşı yönəlib.

İştirakçıların sözlərinə görə, rəqəmsal platformaların hazırkı iş modeli bazarın təhrif olunmasına və qeyri-şəffaf qiymət qoyuluşuna səbəb olur. Hakimiyyət tərəfindən komissiyaların məhdudlaşdırılması ilə bağlı əvvəllər vəd edilmiş tədbirlər isə hələ də həyata keçirilməyib. Onlar həmçinin sahə üzrə daha şəffaf, proqnozlaşdırıla bilən qaydaların tətbiq olunmasını və bütün bazar iştirakçıları üçün bərabər rəqabət şəraitinin yaradılmasını tələb edirlər.

Seçilən
21
1
olke.az

2Mənbələr