AZ

SENSASİYA: Yaxın Şərq parçalanacaq, yerində bu dövlətlər yaranacaq

Yaxın Şərqdə geosiyasi gərginlik fonunda Hörmüz boğazı ətrafında baş verən proseslər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Qlobal enerji daşımalarının böyük hissəsinin məhz bu strateji nöqtədən keçməsi boğazın mümkün mühasirəsini təkcə region ölkələri üçün deyil, dünya iqtisadiyyatı üçün də ciddi risk faktoruna çevirir. Artan qarşıdurma fonunda İran, Qərb və Körfəz ölkələri arasında münasibətlərin daha da kəskinləşməsi yeni siyasi bloklaşmaların formalaşmasına zəmin yaradır. Bəs Hörmüz boğazı ətrafında yaranan bu vəziyyət Yaxın Şərqdə siyasi-coğrafi parçalanmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, bu ssenari Yaxın Şərqdə enerji təhlükəsizliyini sarsıdır və dünya iqtisadiyyatına ciddi zərbə vurmaq potensialına malikdir:

Aydın

“Hörmüz boğazının mühasirəyə alınması regionda yeni geosiyasi parçalanma risklərini artırır. Bu vəziyyət İran, Körfəz ölkələri və Qərb arasında qarşıdurmanı daha da dərinləşdirərək siyasi-coğrafi xəritədə yeni bloklaşmalara yol aça bilər. Boğazın bağlanması İran üçün Qərbə qarşı mühüm strateji təzyiq alətinə çevrilir. Bu isə öz növbəsində ABŞ və İsrail tərəfindən hərbi reaksiyanın güclənməsi ehtimalını artırır”.

Ekspert qeyd edir ki, rəsmi Vaşinqton Hörmüz boğazını qlobal enerji axınlarına nəzarət baxımından kritik nöqtə kimi qiymətləndirir.

“Bu fonda Körfəz ölkələri – xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri enerji ixrac marşrutlarını diversifikasiya etməyə çalışsalar da, boğazın bağlanması onların iqtisadiyyatına ciddi zərbə vuracaq.
İsrail ilə İran arasında qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilməsi riski də artır. Bu isə Yaxın Şərqdə siyasi-coğrafi parçalanma ehtimallarını gücləndirən əsas faktorlardan biri kimi qiymətləndirilir”.

Ekspertin fikrincə, Hörmüz boğazı ətrafında yaranan vəziyyət artıq yeni geosiyasi reallıqların əsas konturlarını müəyyənləşdirir: enerji böhranı, regional bloklaşma və siyasi parçalanma risklərinin artması. Bu proseslər yalnız Yaxın Şərqlə məhdudlaşmayaraq, qlobal iqtisadiyyata da ciddi təsir göstərə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr