Bakı, 13 aprel, AZƏRTAC
Son illərdə qlobal enerji bazarlarında yaşanan dəyişikliklər ənənəvi təchizat zəncirlərinin nə qədər həssas olduğunu açıq şəkildə nümayiş etdirib. Bu baxımdan alternativ enerji dəhlizlərinin yaradılması və mövcud marşrutların gücləndirilməsi yalnız iqtisadi məqsədlərə xidmət etmir, eyni zamanda siyasi sabitliyin qorunmasına və enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş strateji addım kimi çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.
Onun sözlərinə görə, Xəzər regionu enerji ehtiyatları baxımından dünyanın ən perspektivli zonalarından biri olaraq qalır. Bu resursların qlobal bazarlara çıxarılmasında Azərbaycan əsas istehsalçı və ixracatçı kimi çıxış edir.
“Ölkənin həyata keçirdiyi enerji siyasəti uzunmüddətli sabitlik, şəffaflıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır ki, bu da beynəlxalq tərəfdaşlar üçün etibarlı əməkdaşlıq mühiti yaradır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Türkiyənin fəal iştirakı ilə həyata keçirilən transmilli enerji layihələri artıq qlobal enerji xəritəsində mühüm yer tutur. Xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və onun davamı olan Trans-Adriatik Boru Kəməri (TAP) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan əsas infrastruktur elementləridir. Bu layihələr sayəsində enerji resurslarının daşınması daha təhlükəsiz, çevik və alternativli xarakter alıb. Türkiyə öz coğrafi mövqeyi sayəsində qlobal enerji tranzit mərkəzinə çevrilməkdədir. Şərqlə Qərb arasında yerləşən ölkə həm enerji, həm də logistika baxımından strateji körpü rolunu oynayır. Bu status Türkiyəyə yalnız iqtisadi dividentlər qazandırmır, eyni zamanda onun regional və qlobal siyasətdə təsir imkanlarını da genişləndirir. Alternativ dəhlizlərin gücləndirilməsi məsələsi yalnız boru kəmərlərinin tikintisi ilə məhdudlaşmır. Buraya enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, rəqəmsallaşdırma, enerji səmərəliliyinin artırılması və yeni texnologiyaların tətbiqi də daxildir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr kompleks yanaşmanın nümunəsi kimi çıxış edir”, - deyə ekspert vurğulayıb.
Mehmet Sevenin fikrincə, Orta Dəhliz layihəsi də enerji təhlükəsizliyi kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz vasitəsilə Asiya ilə Avropa arasında yeni və daha qısa marşrutların formalaşması yalnız ticarət dövriyyəsini artırmır, eyni zamanda enerji resurslarının daşınması üçün alternativ imkanlar yaradır: “Beləliklə, region ölkələri qlobal iqtisadi sistemə daha sıx inteqrasiya olunur. Yaxın gələcəkdə enerji təhlükəsizliyi anlayışı daha da genişlənərək yaşıl enerji faktorunu da özündə ehtiva edəcək. Bu baxımdan Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə külək və günəş enerjisi sahəsində imkanları böyük perspektiv vəd edir. Türkiyə isə bu sahədə texnoloji təcrübə və investisiya imkanları ilə seçilir. Bu iki ölkənin əməkdaşlığı nəticəsində “yaşıl enerji dəhlizləri”nin yaradılması gələcək enerji xəritəsində mühüm yer tuta bilər. Enerji layihələrinin uğurlu icrası üçün regionda sabit siyasi mühitin qorunması vacib şərtlərdən biridir. Azərbaycan və Türkiyənin regional təhlükəsizlik və əməkdaşlıq təşəbbüsləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər yalnız enerji layihələrinin təhlükəsizliyini təmin etmir, həm də regionda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Türkiyənin enerji sahəsində strateji tərəfdaşlığı müasir beynəlxalq münasibətlər sistemində uğurlu əməkdaşlıq modelidir. Bu model qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi yalnız region üçün deyil, bütövlükdə qlobal enerji təhlükəsizliyi üçün mühüm töhfələr verəcək”.
Müxbir-Vüqar Qurbanoğlu