Trampın Hörmüz boğazını bağlamaq barədə açıqlaması Vaşinqtonun müttəfiqləri arasında qarışıq reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, Avstraliya əməliyyatda iştirak etmək üçün heç bir müraciət almadığını bildirib. Baş nazir Entoni Albani tərəfləri danışıqları bərpa etməyə çağıraraq bildirib ki, vəziyyət istisnasız olaraq bütün ölkələrə "böyük qlobal iqtisadi təsir" göstərir.
Böyük Britaniya da blokadada iştirak etməkdən imtina edib. Britaniya hərbi gəmiləri və əsgərləri İran limanlarını blokadaya almaq üçün yerləşdirilməyəcək. Lakin London boğazda naviqasiya azadlığını bərpa etmək üçün 40-dan çox ölkədən ibarət koalisiya yaradır. London həmçinin İranın boğazdan keçən tankerlərə 2 milyon dollar tranzit haqqı almaq istəyini pisləyib.
İspaniya qətiyyətli mövqe tutub. Xarici İşlər Naziri Xose Manuel Albares açıq şəkildə "NATO bu müharibədə iştirak etməyəcək" deyib və Hörmüz boğazından keçidin təmin edilməsini alyansın mandatından kənara çıxdığını bildirib.
Bu, faktiki olaraq bütün 32 üzvün razılığını tələb edən rəsmi NATO missiyasının yaradılması imkanını əngəlləyir.