AZ

Xəzərdə ardıcıl zəlzələlər: Güclü təkanlar gözlənilir? - RƏSMİ AÇIQLAMA

Son günlər Xəzər dənizində gün ərzində bir neçə zəlzələ qeydə alınması barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayır.

Adətən Xəzərdə olan zəlzələlər 3-4 bala qədər olsa da, son günlər 4-5 baldan yuxarı maqnitudalı təkanlar müşahidə olunmaqdadır. 

Zəlzələlərin intensivləşməsi insanlar arasında da bir qədər narahatlıq doğurub. Bu da ağıllara Xəzərdə daha güclü zəlzələlərin olub-olmayacağı barədə suallar gətirir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzərdə yeraltı təkanların davam edəcəyini söyləyib. bununla belə o, narahatlıq doğuracaq vəziyyət olmadığını söyləyib:

“Xəzərdə 5 baldan yuxarı zəlzələ qeydə alınmayıb. Baş verən 5.3 bal rixter cədvəli ilə maqnitudanı göstərir. Həmin zəlzələ də Astara, Lənkəran, Lerik, Cəlilabad, Neftçala və hətta Saatlıdakı yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Bu təkanlar da heç bir dağıntı və fəsad törədə bilməz. 

Zəlzələlərin davamiyyətinə gəldikdə isə indiyə qədər də bu proses davam edir. Çünki afterşoklar gedir və hər afterşokda xırda da olsa, enerji boşalması gedir. Bu, bir qədər də davam etməlidir. Çünki orada hələ seysmiklik son səviyyəyə düşməyib. Bu da qorxulu deyil. Xəzərdə güclü və dağıdıcı təkan ola bilməz. 

Hələlik dərinlikdə qırılmalar boyu təkanlar davam edəcək. Əhali narahat olmasın, qorxulu heç nə yoxdur. 

Birmənalı olaraq Xəzər dənizində dağıdıcı güclü zəlzələlər gözlənilmir. Sadəcə xırda afterşoklar hesabına enerji boşalması gedir və sahilboyu qırılma baş verərsə, 3-4 bala qədər hiss edilə bilər və bu, normaldır”.

Billurə Yunus

Seçilən
12
2
olke.az

3Mənbələr