Bakı, 13 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə tədris olunan 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək, müvafiq sertifikatlara layiq görülüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, proqramların akkreditasiyası Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olan Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən aparılıb.
Ötən ay keçirilmiş akkreditasiya çərçivəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 ixtisaslaşma (“Bərk cisim elektronikası”, “Biofizika”, “Diskret sistemlər”, “Ekoloji kimya”, “Geokimya”, “Mikrobiologiya”, “Molekulyar biologiya”, “Nanomateriallar kimyası”, “Radiasiya materialşünaslığı”, “Riyazi analiz” və “Riyazi modelləşdirmə”) üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən universitetdə kompleks və genişmiqyaslı qiymətləndirmə aparılıb. Ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər. Beynəlxalq ekspertlər universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Eyni zamanda, akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı təmin edilib. Yekun qiymətləndirmə nəticələrinə əsasən, təbiət-dəqiq və texniki istiqamətlərə aid magistratura səviyyəsində tədris olunan 11 proqramın 5 il (2031-ci il martın 27-dək) müddətinə tam akkreditasiyadan keçirilməsi barədə qərar Akkreditasiya Komissiyaları tərəfindən qəbul edilib.