Bakı, 13 aprel, AZƏRTAC
Milli Depozit Mərkəzinin (MDM) 2025-ci il üzrə fəaliyyəti depozitar hesab bazasının genişlənməsi, yeni investorların cəlbi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı ilə yadda qalıb. Hesabat dövründə xüsusilə fiziki şəxslər arasında investisiya marağının artması müşahidə olunub, eyni zamanda, institusional investorların sabit marağı qorunub saxlanılıb. Bununla yanaşı, qurumun beynəlxalq depozitarlarla qurduğu əlaqələr və tətbiq etdiyi mexanizmlər xarici investorların yerli kapital bazarına çıxışını daha da asanlaşdırıb.
Rəqəmsal texnologiyalar və blokçeyn istiqamətində isə ehtiyatlı və mərhələli yanaşma davam etdirilərək mövcud infrastrukturun gücləndirilməsi prioritet kimi müəyyən edilib. Bu barədə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə AZƏRTAC-a müsahibəsində məlumat verib.
- Hesabat dövründə neçə yeni depozitar hesabı açılıb və bu rəqəm əvvəlki illə müqayisədə neçə faiz artım və ya azalma göstərib? Bu artımın hansı hissəsi fiziki şəxslərin, hansı hissəsi isə hüquqi və xarici investorların payına düşür?
- Hesabat dövründə depozitar hesab bazasının genişlənməsi davam edib. 2025-ci ildə 15 min 196 fiziki şəxs və 107 hüquqi şəxs üzrə yeni depozitar hesab açılıb. 2024-cü illə müqayisədə dinamika daha çox yüksək baza effekti fonunda formalaşıb. Bununla belə, hesabat dövründə də yeni investorların sistemə qoşulması davam edib, xüsusilə hesab açılışlarının əsas hissəsi fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə göstəricilərin sabit qalması isə institusional marağın qorunduğunu göstərir.
- Hazırda beynəlxalq depozitarlar və maliyyə institutları ilə qurulmuş əməkdaşlıq çərçivələri hansılardır və bu tərəfdaşlıqlar xarici investorların yerli kapital bazarına çıxışını asanlaşdırmaq baxımından hansı konkret mexanizmlər və təşəbbüslər vasitəsilə dəstəklənir?
- Hazırda Azərbaycanın Mərkəzi Depozitarının beynəlxalq depozitarlar və maliyyə institutları ilə qurulmuş bir sıra əməkdaşlıq çərçivələri mövcuddur. Artıq Türkiyənin Mərkəzi Depozitarı və Qazaxıstanın Mərkəzi Depozitarı ilə qarşılıqlı hesablar açılıb və birbaşa bağlantı yaradılıb. Bu, iki bazar arasında qiymətli kağızların saxlanması və ötürülməsi üçün texniki imkan deməkdir. Qazaxıstan ilə hazırda əməliyyatlar manual rejimdə test edilir, tam avtomatlaşdırmanın isə cari il ərzində başa çatdırılması gözlənilir.
Bundan başqa, beynəlxalq mərkəzi depozitarlardan biri olan “Clearstream” ilə əməkdaşlıq imkanları üzrə danışıqlar davam etdirilir. İnstitusional səviyyədə MDM Avrasiya depozitarlar assosiasiyasının üzvüdür və yaxın dövrdə daha bir beynəlxalq depozitar assosiasiyasına qoşulmağı planlaşdırır. Bu tərəfdaşlıqlar xarici investorların yerli kapital bazarına çıxışını bir neçə konkret mexanizm vasitəsilə asanlaşdırır. Bu, xarici investorlara tanış alətlər üzərindən Azərbaycan bazarına investisiya qoymağa imkan yaradır. Üçüncüsü, PFMI standartlarına uyğunluq və ciddi ƏL/TMM prosedurları beynəlxalq investorlar üçün etibarlı və şəffaf mühit formalaşdırır.
Bundan əlavə, mərkəzləşdirilmiş klirinq və hesablaşma modeli tərəflər üzrə kredit və likvidlik risklərini azaldır ki, bu da xarici investorların bazara çıxışını daha cəlbedici edir.
- Blokçeyn texnologiyalarının və rəqəmsal aktivlərin saxlanması üzrə hər hansı strateji plan və ya pilot layihələr mövcuddurmu? Əgər belə təşəbbüslər nəzərdə tutulursa, onların tətbiqi hansı mərhələdədir və bu istiqamətdə hüquqi-tənzimləyici çərçivə, texnoloji infrastruktur və risk idarəetməsi baxımından hansı hazırlıq işləri həyata keçirilir?
- Blokçeyn texnologiyalarının və rəqəmsal aktivlərin saxlanmasına gəldikdə isə, MDM-in bu sahədə konkret strateji planı və ya pilot layihəsi hazırda mövcud deyil. Qeyd edildiyi kimi, MDM blokçeyn və DLT texnologiyalarını gündəmdə saxlayır, lakin yanaşma mərhələli və ehtiyatlıdır. Əsas diqqət mövcud mərkəzləşdirilmiş infrastrukturun gücləndirilməsinə yönəlib. Qiymətli kağızlar Azərbaycanda artıq rəqəmsal formada emissiya edilir və saxlanılır – bu, uzun illərdir tətbiq olunan bir yenilik deyil, standart təcrübədir. Tokenləşdirilmiş aktivlərə gəldikdə isə, bu istiqamət qlobal trenddir, lakin hazırda bazar iştirakçıları tərəfindən konkret genişmiqyaslı tətbiq tələbi formalaşmayıb. MDM üçün bu istiqamət üzrə beynəlxalq təcrübə və bazardakı yanaşmalar ümumi olaraq izlənilən mövzular sırasındadır. Texnoloji baxımdan blokçeyn reyestr aparılması, hesablaşma proseslərinin optimallaşdırılması və əməliyyat şəffaflığının artırılması baxımından maraqlıdır, lakin real vaxt rejimində hesablaşmaların qarşısında pul üzrə hesablaşmaların çətinliyi dayanır. Hüquqi və tənzimləyici çərçivənin uyğunluğu da əsas şərtlərdən biri kimi vurğulanır. Nəticə etibarilə, MDM üçün rəqəmsal aktivlər və tokenləşmə aktiv tətbiq sahəsindən daha çox bazarın inkişaf trayektoriyası ilə bağlı gələcəkdə aktuallaşa biləcək mövzu kimi qiymətləndirilir. Əsasən, risk idarəetməsi və dayanıqlılıq prioritet olaraq qalmaqdadır.