Tarixən dövlətimizin, dövlətçiliyimizin inkişafının bütün mərhələlərində Azərbaycan qadınları kişilərlə bərabər fəal iştirak edib və öz layiqli töhfələrini verib. Bu görkəmli simalardan biri də ictimai xadim, akademik Zərifə xanım Əliyevadır.

Aprelin 15-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatının növbəti ildönümü tamam olur. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Onun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışıb. Qəlblərə, gözlərə nur gətirən Zərifə xanımın elm sahəsində də çox böyük nailiyyətlərə sahib olub. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub.
Zərifə xanım Əliyeva eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. O, dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymayıb, hər zaman onun dayağına çevrilib.
Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirib. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan xalqı üçün tərbiyə etdiyi, böyütdüyü əsl vətənpərvər oğul, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Bu gün bizim yaşadığımız böyük qürur hissi, 2020-ci ildə qazandığımız böyük zəfər məhz vətənpərvər ruhda böyümüş, milli-mənəvi köklərinə bağlı, ailə ənənələrini çox dərindən mənimsəmiş şəxsiyyətin Azərbaycan xalqı qarşısında xidməti oldu.
Ulu Öndər Heydər Əliyevin Akademik Zərifə Əliyeva haqqında dediyi kimi, həqiqətən Zərifə xanım Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq sağlığında əfsanəviləşməyi bacarmış və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlmişdir.
Azərbaycan xalqı Zərifə Xanım Əliyevanı dərin hörmət və ehtiramla xatırlayır, onun xalqımız qarşısındakı xidmətlərini unutmur, onun ömür yolunu öyrənərək gələcək nəsillərin yetişdirilməsində, ailə modelinin formalaşdırılmasında nümunə kimi tətbiq edirik.